Miyako boğazında gərginlik: Pekin Yaponiyanı “Liaoning” zərbə qrupuna qarşı təxribatda necə ittiham etdi?

2026/06/Ekran-1782331479.jpg
Oxunub: 230     00:16     25 İyun 2026    
Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri (PLAN) 2027-ci ildə xidmətinin 15-ci ilini qeyd edəcək tramplin tipli aviadaşıyıcıda artıq 40-dan çox təlim missiyası həyata keçirib.

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri bazar ertəsi açıqlayıb ki, “Type 001” sinfinə məxsus CNS “Liaoning” (bort nömrəsi 16) uzaq dəniz döyüş hazırlığı tapşırığını başa vuraraq Tsinqdao limanına qayıdıb. PLAN-ın ilk aviadaşıyıcısı və onun aviadaşıyıcı zərbə qrupu Cənubi Çin dənizində və Qərbi Sakit okeanda bir aydan artıq müddətdə fəaliyyət göstərib.

Çin ordusunun rəsmi media qurumu olan “China Military Bugle” “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirib: “Liaoning” (bort nömrəsi 16) aviadaşıyıcısının rəhbərlik etdiyi Çin Hərbi Dəniz Qüvvələrinin əməliyyat qrupu Cənubi Çin dənizində və Qərbi Sakit okeanda 40-dan çox uzaq dəniz döyüş hazırlığı tapşırığını tamamlayaraq bazar ertəsi Çinin şərqində yerləşən Tsinqdao şəhərindəki baza limanına qayıdıb”.

Məlumatla birlikdə missiya zamanı çəkilmiş video görüntülər də yayımlanıb. Çinin dövlət televiziya kanalı CGTN-nin məlumatına görə, təlim proqramına hava hücumundan müdafiə, gəmi əleyhinə əməliyyatlar, dəstək missiyaları və real atış məşqləri daxil olub.

Çin aviadaşıyıcı zərbə qrupunun tərkibinə aşağıdakı gəmilər daxil idi:

- CNS “Liaoning” aviadaşıyıcısı,
- CNS “Wuxi” (104) raket kreyseri,
- CNS “Kaifeng” (124) esminesi,
- CNS “Luohe” (545) freqatı,
- CNS “Hulunhu” (901) sürətli döyüş təminat gəmisi.


“Liaoning” zərbə qrupu mayın 18-də missiyaya başlayıb. Qrup əvvəlcə Filippin dənizində fəaliyyət göstərib, daha sonra isə Cənubi Çin dənizində təlimlər icra edib.

Çin aviadaşıyıcılarında fasiləsiz təlimlər davam edir

Təlimlər çərçivəsində 2022-ci ildə xidmətə qəbul edilmiş Type 75 sinfinə məxsus “Anhui” (bort nömrəsi 33) amfibiya hücum gəmisi ilə birgə məşqlər də keçirilib. Məlumata görə, “Anhui” eyni vaxtda altıya qədər helikopterin qalxıb-enə bildiyi və ümumilikdə 30 silahlı helikopter daşıya bildiyi platformadır.

Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin “Wasp” və “America” sinfinə məxsus amfibiya hücum gəmilərindən fərqli olaraq, Çin gəmisi sabit qanadlı təyyarələri qəbul edə bilmir. Bunun səbəbi PLAN-ın ABŞ Dəniz Piyadaları Korpusunun malik olduğu qısa məsafədən qalxma və şaquli enmə imkanlarına sahib olmamasıdır.

Son təlimlər PLAN-a məxsus amfibiya hücum gəmisinin Çinin üç ənənəvi enerji qurğulu aviadaşıyıcısından biri ilə birgə fəaliyyət göstərdiyi nadir hallardan biri olub. Bu isə göstərir ki, iki müxtəlif tipli aviadaşıyıcının qarşılıqlı fəaliyyəti Çin Hərbi Dəniz Qüvvələrinin doktrinasının bir hissəsinə çevrilir.

Hərbi ekspert və Çin Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Fu Tsyanşao “South China Morning Post” nəşrinə bildirib: “Aviadaşıyıcı qüvvələri desant əməliyyatları zamanı amfibiya hücum gəmilərinə atəş dəstəyi göstərə bilər. Hər iki tərəf bir-birinin gəmi əsaslı helikopterləri üçün xidmət və qalxma-enmə platforması rolunu da oynaya bilər. Bu iki tip gəmi arasında çevik koordinasiya dənizdən hücum imkanlarını gücləndirir”.

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (JMSDF) bölgədə fəaliyyət göstərdiyi müddətdə Çin aviadaşıyıcı qrupunu izlədiyini təsdiqləyib. Lakin Pekin Yaponiyanı “təhlükəli” yaxın məsafəli kəşfiyyat fəaliyyətində ittiham edib və JMSDF gəmilərinin təxribat xarakterli hərəkətlər etdiyini bildirib.

Yaponiya Müdafiə Nazirliyi isə ötən həftəsonu “Liaoning” və onu müşayiət edən ən azı iki gəminin Miyako boğazından keçərək Şərqi Çin dənizinə daxil olmasını izlədiyini təsdiqləyib.

“Type 001” “Liaoning” aviadaşıyıcısı haqqında

Xidmətə qəbul olunma tarixi:
2012-ci il

Uzunluğu:
306,4 metr

Eni:
74,4 metr

Subasımı qabiliyyəti:
54 500 ton standart, təxminən 60 900 ton tam yüklə

Güc qurğusu:
8 mazutla işləyən qazan tərəfindən təmin olunan buxar turbinləri

Maksimum sürəti:
Təxminən 37 km/saat

Aviasiya qrupu:
Adətən 40-50 hava vasitəsi

Heyət:
Təxminən 2590 nəfər

- 1960 gəmi heyəti
- 630 aviasiya qrupu personalı


“Type 001” CNS “Liaoning” 2012-ci ildə PLAN-ın tərkibinə daxil olaraq Çin Hərbi Dəniz Qüvvələrinin ilk aviadaşıyıcısı olub. Gəminin tarixi Sovet İttifaqına gedib çıxır. O, 1985-ci ilin dekabrında Sovet donanması üçün “Admiral Kuznetsov” sinfinə məxsus çoxməqsədli aviadaşıyıcı kimi inşa edilməyə başlanmışdı.

“Varyaq” adını daşıyan gəmi tamamlanmamış vəziyyətdə qalıb. Sovet İttifaqının dağılmasından sonra isə yeni müstəqillik qazanmış Ukraynanın mülkiyyətinə keçib. Layihəni başa çatdırmaq üçün maliyyə imkanlarının olmaması və aviadaşıyıcıya strateji ehtiyac duyulmaması səbəbindən Kiyev 1998-ci ildə gəmini formal olaraq üzən otel və kazino məqsədilə istifadə olunacağı bəhanəsi ilə Çin şirkətinə satıb.

Daha sonra tamamlanmamış gəmi Dalyan gəmiqayırma zavoduna aparılıb. Bir neçə il fəaliyyətsiz qaldıqdan sonra Pekin layihəni yenidən işə salıb və gəmini Çin dəniz aviasiyasının inkişafı üçün başlanğıc platforma kimi istifadə edib.

“Liaoning” aviadaşıyıcısının hava qrupuna aşağıdakılar daxildir:

- 24 ədəd J-15 qırıcı təyyarəsi,
- 6 ədəd Z-18F sualtı qayıq əleyhinə helikopter,
- 4 ədəd Z-18J hava erkən xəbərdarlıq helikopteri,
- 2 ədəd Z-9C axtarış-xilasetmə helikopteri.


Bu aviasiya tərkibi nüvə sualtı qayıqlarına, iri suüstü döyüş gəmilərinə və quru bazalı zərbə bombardmançılarına dəstək göstərilməsini nəzərdə tutan sovet aviadaşıyıcı doktrinasına uyğun formalaşdırılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miyako   Pekin   Yaponiya   Liaoning  


Bizi "telegram"da izləyin