Finlandiya Ukrayna üçün ABŞ istehsalı silahların alınmasına 40 milyon avro ayıracaq

2026/06/cvbvc-1782454478.jpg
Oxunub: 221     10:12     26 İyun 2026    
Finlandiya PURL proqramı çərçivəsində Ukrayna üçün ABŞ istehsalı silahların alınmasına əlavə 40 milyon avro ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransının açılış mərasimində bildirib.

Baş nazir qeyd edib ki, Finlandiyanın Ukraynaya müdafiə dəstəyi dəyişməz olaraq qalır.

“Bu gün hökumətimin PURL təşəbbüsünə əlavə 40 milyon avro ayırmaq barədə qərar qəbul etdiyini məmnuniyyətlə elan edirəm”, - deyə Petteri Orpo bildirib.

Onun sözlərinə görə, Finlandiya hökuməti indiyədək Ukrayna Silahlı Qüvvələrinə ümumilikdə 33 hərbi yardım paketi təqdim edib.

Baş nazir vurğulayıb ki, Finlandiya gələcəkdə də Ukraynanı Avropa İttifaqının gələcək üzvü kimi dəstəkləməyə davam edəcək.

Finlandiya ötən ilin oktyabrında PURL (Prioritized Ukraine Requirements List) proqramına qoşulub. Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın bu təşəbbüsə 100 milyon avro ayırdığını açıqlamışdı.

PURL proqramı NATO üzvü olan ölkələrə Ukrayna üçün ABŞ istehsalı hərbi texnika və silahlar almağa imkan verir. Təşəbbüs çərçivəsində Ukraynanın ehtiyacları əsasında prioritet silah və sursat siyahısı hazırlanır.

2026-cı ilin may ayının sonunda Finlandiya Prezidenti Aleksandr Stubb təxminən 128 milyon avro dəyərində olan 33-cü hərbi yardım paketinin Ukraynaya ayrılmasını təsdiqləyib.

Bundan əvvəl də Volodimir Zelenski ilə Petteri Orpo arasında keçirilən görüşdən sonra Finlandiya Ukraynaya müdafiə dəstəyi üçün 300 milyon ABŞ dolları ayırmışdı. Həmin yardımın əsas istiqaməti hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi idi.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Baltikyanı dövlətlərə və Finlandiyaya hava məkanına daxil olan pilotsuz uçuş aparatlarının qarşısının alınması sahəsində, o cümlədən mütəxəssislərin göndərilməsi ilə dəstək verməyə hazır olduğunu da təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin