NATO Almaniyada PUA-lara qarşı müdafiə tunelini sınaqdan keçirib

2026/06/vbcvb-1782454583.jpg
Oxunub: 212     10:19     26 İyun 2026    
NATO qüvvələri Almaniyada keçirilən “Fighter Lion” təlimi zamanı şərti Rusiya PUA-larından müdafiə məqsədilə xüsusi antidron tunelindən istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Eindhovens Dagblad” nəşri məlumat yayıb.

Təlimlərdə Niderland hərbçiləri iştirak edib və onların qarşısına şərti düşmənin irəliləyişini dayandırmaq vəzifəsi qoyulub. Manevrlər Hamburq yaxınlığındakı geniş təlim poliqonunda keçirilir və son 20 ildə ordunun ən iri quru qoşunları təlimi hesab olunur.

Təlim ssenarisi müasir Rusiya ilə oxşar xüsusiyyətlərə malik uydurma dövlətlə münaqişə üzərində qurulub. Ssenariyə əsasən, şərti düşmən NATO ərazisinə daxil olub və Avropada şərqdən qərbə doğru hücuma başlayıb.

Niderland briqadasına düşmənin irəliləyişini ləngitmək və ya tamamilə dayandırmaq tapşırığı verilib.

Təlimdə iştirak etmək üçün Oyrsxot şəhərindən Hamburq yaxınlığındakı poliqona qədər təxminən 600 km uzunluğunda marşrut üzrə böyük hərbi karvan hərəkət edib. Marşrutu həm hərbi texnika, həm də şəxsi heyət qət edib.

Karvanın əsas hissəsi təxminən 11 saata təyinat məntəqəsinə çatsa da, bəzi texnikalar yollardakı tıxaclar səbəbindən gecikib. Bölmələr poliqona çatdıqdan sonra müdafiə mövqeləri quraraq şərti düşmənə qarşı uzunmüddətli əməliyyatlara başlayıblar.

Hərbçilərin sözlərinə görə, müasir döyüş meydanında Pilotsuz Uçuş Aparatlarının (PUA) rolu getdikcə artır. Onlar yalnız ön xəttdə deyil, arxa cəbhədə də geniş istifadə olunur. Bu səbəbdən ordular şəxsi heyətin və texnikanın qorunması üçün yeni həllər hazırlayırlar. Onlardan biri də PUA müşahidəsindən və hücumlarından qorumaq məqsədilə yaradılmış antidron tunelidir.

Təlim zamanı bundan başqa radioelektron mübarizə sistemləri və yaxın məsafədə PUA-ları məhv etmək üçün nəzərdə tutulmuş silahlar da sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Almaniya   PUA  


Bizi "telegram"da izləyin