90 faizlik rekord sıçrayış: “Bell Textron” V-22-nin səhvlərindən dərs çıxararaq “Cheyenne II”ni necə qurdu?

2026/06/Ekran-1782330604.jpg
Oxunub: 287     23:53     24 İyun 2026    
İstehsalçı “Bell Textron” şirkətinin məlumatına görə, yeni “Cheyenne” təyyarəsinin qanad konstruksiyalarının istehsalı əvvəlki V-22 “Osprey” ilə müqayisədə əmək sərfiyyatını dəfələrlə azaldır.

“Bell Textron” ABŞ ordusunun yeni MV-75 “Cheyenne II” Gələcəyin Uzun Mənzilli Hücum Təyyarəsi (FLRAA) üçün ilk iki qanad konstruksiyasının istehsalını tamamlayıb. Bu hadisə yeni platformanın inkişafında mühüm mərhələ hesab olunur və Ordu Aviasiyası döyüş meydanında çevikliyin növbəti inkişaf mərhələsinə hazırlaşır.

Texas ştatında yerləşən şirkətin açıqlamasına görə, tiltrotor qanadı təyyarənin “struktur onurğa sütunu” hesab olunur. Bu komponent döyüş şəraitində maksimum sağqalma imkanını təmin etmək üçün yüksək möhkəmliyə və optimallaşdırılmış sərtliyə malik olmalıdır.

“Bell” şirkəti tiltrotor texnologiyasını əsas ixtisas istiqamətlərindən biri kimi qiymətləndirir. Şirkət qanadların kompozit örtüklərini və daşıyıcı elementlərini, xüsusi hazırlanmış alüminium alt konstruksiyaları və yekun yığım prosesini tamamilə öz müəssisələrində həyata keçirir.

MV-75 gələcəkdə əvəz edəcəyi V-22 “Osprey” platformasının istehsalında əldə edilmiş uzunmüddətli təcrübə yeni layihənin həyata keçirilməsində mühüm rol oynayır. İlk MV-75 qanadı fevral ayında tamamlanıb və onun istehsalı üçün tələb olunan əmək saatları V-22 qanadının ilkin istehsal mərhələsi ilə müqayisədə 90 faiz az olub.

İkinci qanadın istehsalı zamanı isə əlavə 40 faiz əmək qənaəti əldə edilib. Bu da MV-75 proqramının V-22 “Osprey” ilə müqayisədə daha səmərəli və daha aşağı xərc tələb edən istehsal modelinə malik olduğunu göstərir. Növbəti mərhələdə qanad konstruksiyaları gövdə və mühərrik bölmələri ilə birləşdiriləcək. Bu proses MV-75 layihəsinin sınaq mərhələsinə və daha sonra ilk seriyalı istehsalına hazırlıq məqsədi daşıyır.

MV-75 “Cheyenne II”nin xüsusiyyətləri

İstifadəyə qəbul olunma tarixi:
2020-ci illərin sonu gözlənilir (ilk uçuş prototipləri üçün hədəf tarix 2026-cı ildir)

İstehsal sayı:
Hazırda inkişaf mərhələsindədir, ilkin istehsal planlaşdırılır

Uzunluğu:
15,2 metr

Qanad açılımı:
24,6 metr

Maksimum qalxma çəkisi:
13 600 kiloqram

Mühərriklər:
İki ədəd “Rolls-Royce” AE 1107F turbin mühərriki (hər biri təxminən 6000-7000 at gücü)

Maksimum sürət:
555 km/saatdan çox

Kreyser sürəti:
518 km/saat

Uçuş məsafəsi:
3890 kilometr

Döyüş radiusu:
925-1480 kilometr

Praktiki uçuş hündürlüyü:
Təxminən 6000-7600 metr

Daşıma qabiliyyəti:
14 hərbçi və ya təxminən 4540 kiloqram xarici yük

Ekipaj:
4 nəfər - pilot, ikinci pilot və iki ekipaj üzvü


MV-75 ABŞ ordusuna yeni imkanlar qazandıracaq

Yeni platforma hazırda istifadə olunan hava-desant və nəqliyyat aviasiyası vasitələri ilə müqayisədə ciddi üstünlüklər təqdim edəcək. ABŞ ordusu MV-75-i orta ölçülü, şaquli qalxma və enmə qabiliyyətinə malik çoxməqsədli hava platforması kimi təsnif edir. Təyyarə helikopterin şaquli manevr imkanlarını təyyarənin sürəti və mənzili ilə birləşdirir.

Bu xüsusiyyətlər ona əvvəlki nəsil hücum və nəqliyyat helikopterlərindən iki dəfə sürətli və iki dəfə uzaq məsafəyə uçmağa imkan verəcək. Nəticədə ordunun əməliyyat radiusu genişlənəcək və cavabvermə imkanları artacaq.

ABŞ ordusunun satınalma, logistika və texnologiyalar üzrə köməkçi katibi Brent Q. İnqraham bildirib: “MV-75 geniş məsafələrdə tam heyətli bölmələrin daşınmasına imkan verəcək, tibbi təxliyə imkanlarını hazırkı “qızıl saat” anlayışının sərhədlərindən daha uzağa aparacaq və döyüş meydanını dəyişdirə biləcək genişmiqyaslı uzun mənzilli hava-desant əməliyyatlarını mümkün edəcək.”

MV-75 açıq arxitekturaya malik çevik rəqəmsal baza üzərində qurulub. Bu yanaşma modernləşdirmələrin və dəyişikliklərin modul prinsip əsasında həyata keçirilməsinə imkan verir. Sistem yeni təhlükələrə uyğunlaşmaq üçün zəruri yeniliklərin sürətlə inteqrasiya edilməsini təmin edir və bahalı yenidən layihələndirmə ehtiyacını azaldır. Bu xüsusiyyət həm də böhran vəziyyətlərində cavabvermə müddətini qısaldır və döyüş hazırlığı göstəricilərinə müsbət təsir göstərir.

“Cheyenne” adının mənası nədir?

MV-75 ABŞ ordusunun 1980-ci illərdən sonra hazırladığı ilk tamamilə yeni hava platformasıdır. Təyyarənin rəsmi adı 2025-ci ildə qəbul olunmuş Ordu Missiya Təsnifatı Sistemi çərçivəsində MV-75 kimi müəyyənləşdirilib. “MV” indeksi çoxməqsədli və şaquli qalxma xüsusiyyətlərini ifadə edir. “75” rəqəmi isə ABŞ ordusunun 1775-ci ildə yaradılmasına işarə edir.

“Cheyenne II” adı ABŞ Ordu Aviasiyasının təyyarələrə döyüşçü ənənələri ilə tanınan yerli Amerika tayfalarının adlarını vermək ənənəsini davam etdirir. Ordu rəhbərliyi seçimi izah edərkən şeyen tayfasının uyğunlaşma qabiliyyətini, dözümlülüyünü və qətiyyətini əsas amillər kimi göstərib.

FLRAA layihəsinin rəhbəri polkovnik Ceffri Pokuett bildirib: “Bu ad məğlubedilməz döyüşçü ruhuna ehtiram ifadə edir və Ordu aviasiyasının gələcəyə doğru qəti addımını simvolizə edir”.

“Cheyenne” adı ilk dəfə 1960-cı illərdə hazırlanmış AH-56 hücum helikopterinə verilmişdi. Lakin həmin layihə seriyalı istehsal mərhələsinə çatmamışdı. Şeyen tayfası yeni platformada bu adın istifadəsini rəsmi şəkildə təsdiqləyib. Prezident Donald Trampın 2027-ci maliyyə ili üçün təqdim etdiyi hərbi büdcə layihəsində MV-75 proqramı üçün əlavə 600 milyon dollar ayrılması nəzərdə tutulur.

ABŞ ordusu layihənin sürətlə irəlilədiyini təsdiqləyib. Bununla belə, uçuş sınaqlarının başlanacağı və platformanın nə vaxt əməliyyat istifadəsinə veriləcəyi barədə hələ konkret tarix açıqlanmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BellTextron   V-22-Osprey   Cheyenne  


Bizi "telegram"da izləyin