Kevin Hamilton: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"

2026/06/1782461675.jpg
Oxunub: 263     11:56     26 İyun 2026    
Azərbaycan Cənubi Qafqazda - Şimali Atlantik Alyans üçün mühüm əhəmiyyət kəsb edən regionda NATO-nun etibarlı tərəfdaşıdır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycana ilk rəsmi səfəri çərçivəsində bəyan edib.

Məlumata görə, NATO və Azərbaycan arasında tərəfdaşlıq həm siyasi dialoqu, həm də bir sıra sahələrdə, xüsusilə operativ uyğunluq, müdafiə planlaması və təhsil, eləcə də hibrid təhlükələrə qarşı mübarizə sahəsində praktiki əməkdaşlığı əhatə edir.

Hamilton səfəri zamanı regionda sabitliyin əsas amili kimi Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində atılan növbəti addımları alqışlayıb. O, hər iki ölkənin bu məsələdə praqmatizmini və konstruktiv yanaşmasını qeyd edib.

Xüsusi nümayəndə Azərbaycanın alyansın fəaliyyətinə, o cümlədən NATO-nun rəhbərliyi altında missiya və əməliyyatlara uzun illər ərzində verdiyi töhfəni vurğulayıb. O, həmçinin NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Proqramının (FTP) təkmilləşdirilməsi üzrə işlərin davam etdiyini diqqətə çatdırıb.

Hamiltonun sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və Bakının Kiyevə göstərdiyi dəstək əməkdaşlığın mühüm hissəsidir.

İyunun 25-26-da baş tutan səfər çərçivəsində xüsusi nümayəndə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Elnur Məmmədovla görüşüb. Müzakirələr NATO və Azərbaycan arasında tərəfdaşlığın inkişafına, regional təhlükəsizliklə bağlı aktual məsələlərə, eləcə də Ankarada keçiriləcək NATO sammitinə hazırlığa həsr olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hamilton   Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin