Lukaşenkonun “Sülh” Demarşı: Minsk Moskva ilə Kiyev arasında öz oyununu qurur?

2026/06/1782465963.jpg
Oxunub: 323     13:23     26 İyun 2026    
ABŞ və Rusiya prezidentləri arasında Alyaskada Ukrayna məsələsi ilə bağlı razılıq əldə olunmayıb. ABŞ dövlət katibi Marko Rubio bunu Bəhreyndə jurnalistlərə bildirib. Bundan bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ankoric razılaşmaları”nı xatırladaraq ABŞ-ni onlardan “imtina etməkdə” ittiham etmişdi. Rubio isə əslində onun açıqlamalarını təkzib edib.

“Alyaskada təkliflər irəli sürülmüşdü, lakin heç bir razılaşma əldə edilmədi. Əgər razılaşma olsaydı, müharibə artıq başa çatmış olardı”, - ABŞ dövlət katibi deyib.

Moskva ilə Vaşinqton arasında qiyabi polemika fonunda Ukraynanın UNIAN agentliyi Belarusun rəsmi “BelTA” agentliyinə istinadən xəbər verib ki, 2026-cı il iyunun 25-də Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovu və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovu qəbul edib. Məlumata görə, Lukaşenko qonaqlara deyib ki, bir neçə gün əvvəl həmin məkanda Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndəsini qəbul edib və ona çatdırıb ki, Belarus müharibəyə cəlb olunarsa, “müharibənin xarakteri dərhal dəyişəcək, bu tamamilə başqa müharibə olacaq”.

Belarus Prezidenti Moskvanın nümayəndələrinə Kiyevdən “cavab” aldığını və Ukrayna Prezidentinin “bunu başa düşdüyünə” əmin olduğunu bildirib. Buna görə də, onun sözlərinə görə, “mahiyyət etibarilə razılığa gəlmək lazımdır”.

Söhbətin nədən getdiyi Lukaşenkonun növbəti fikirlərindən aydın olur: “Bizə öz torpağımız da kifayətdir, iqtisadiyyatımız da, problemlərimiz də. Buna görə də heç bir qarşıdurma olmasın. Mən bunu siz mənim mövqeyimi anlayasınız deyə söyləyirəm. Mən bunu gizlətmirəm: sülh və yalnız sülh”.

Cari ay ərzində Moskvanın Belarus Prezidentinin yanına göndərdiyi bu, artıq ikinci nümayəndə heyətidir. 2026-cı il iyunun 12-də Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etmişdi. Gözlənilirdi ki, o, bir neçə gün sonra Moskvaya səfər edəcək, lakin bu səfər baş tutmadı. Lukaşenkonun sözlərindən belə başa düşülür ki, o, son ana qədər ölkəsini müharibəyə cəlb olunmaqdan qorumağa çalışır. Lukaşenko faktiki olaraq ictimai şəkildə bəyan edib ki, Ukrayna Prezidenti ilə bir-birinə qarşı düşmənçilik xarakterli hərəkətlər etməmək barədə razılığa gəlib.

Rusiya Prezidentinə Qrızlov və Vorobyovun nə barədə məruzə edəcəyi demək olar ki, aydındır. Belarus Prezidenti “sülh və yalnız sülh” istəyir və Moskva ilə “prinsipial razılığı” da məhz bu əsasda görür. 2026-cı il iyunun 25-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə “daxili təhlükəsizlik və qonşu ölkələrlə münasibətlər” məsələsini müzakirə edib.

TASS-ın məlumatına görə, əsas məruzəçilər Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və daxili işlər naziri Vladimir Kolokoltsev olublar. İclasda iştirak edən xarici işlər naziri Sergey Lavrovun əsas məruzəçi seçilməməsi göstərir ki, həm daxili təhlükəsizlik, həm də qonşu ölkələrlə münasibətlər məsələsində prioritet xüsusi xidmət orqanlarının mövqeyinə verilib.

Belarus və şəxsən Aleksandr Lukaşenko ilə bağlı hansı qərarın hazırlandığı sualı isə açıq qalır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Minsk   Moskva   Kiyev  


Bizi "telegram"da izləyin