Rusiya və Avrasiya İqtisadi Birliyindəki tərəfdaşları hesab edirlər ki, Ermənistanın başqasının hesabına Avropa İttifaqına inteqrasiya etməyə yönəlmiş istehlakçı yanaşması qəbuledilməzdir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistana səfəri ilə bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu sözlərlə şərh edib.
Son aylarda Rusiya rəsmiləri Ermənistanın “istehlakçı” və “praqmatik maraqlara əsaslanan” mövqeyi barədə dəfələrlə bəyanatlar veriblər. Bu dəfə yenilik ondan ibarətdir ki, Mariya Zaxarova Avrasiya İqtisadi Birliyində Rusiyanın tərəfdaşları adından da danışıb.
Həmin gün Avrasiya İqtisadi Birliyinin təsisçi üzvlərindən olan Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Brüsseldə olub, Avropa Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlar aparıb. Nəticədə tərəflər ümumi dəyəri 12 milyard dollar olan iqtisadi tərəfdaşlığa dair bir sıra sazişlər imzalayıblar. Təkcə “Airbus” mülki təyyarələrinin alınması üçün Qazaxıstan 7,145 milyard dollar ödəyəcək. Tokayev hələ Brüsseldə olarkən Rusiya Prezidenti Vladimir Putin təyyarəqayırma sahəsinə dair müşavirə keçirib və bəyan edib ki, Rusiya bu sahədə böyük irəliləyiş əldə edib. Lakin Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan, göründüyü kimi, “Airbus”a üstünlük verir.
“Mən Brüsselə dəqiq məqsədlə gəlmişəm - qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxtərəfli əməkdaşlığımızı dərinləşdirmək üçün”, - deyə Qazaxıstan Prezidenti bildirib.
Moskvada Tokayevin Brüsselə səfəri və onun bəyanatını görməməzliyə vurmağa çalışırlar. Üstəlik, Ermənistanın ünvanına Astananın adından da danışırlar. Halbuki Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədindən bəhs edib.
Mərkəzi Asiya ölkələri daxili inteqrasiyaya və Çin, Yaponiya, Avropa İttifaqı, eləcə də ABŞ ilə ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə çalışırlar. Azərbaycan, Gürcüstan və Türkiyə də eyni məqsədləri güdür. ABŞ ilə əldə olunmuş “razılaşma”dan sonra İran da dünya üçün “açılacaq”. Belə bir şəraitdə Ermənistan Rusiyanın hərbi-siyasi və geoiqtisadi maraqları ilə əbədi şəkildə məhdudlaşdırılmış vəziyyətdə qala bilməz.
Ermənistan iqtisadiyyatının “Rusiyanın təqdim etdiyi imtiyazlar sayəsində artdığı” barədə təkrarlanan fikir isə, yumşaq desək, o qədər də inandırıcı görünmür. Çünki hətta Rusiyanın rəsmi statistikası da iqtisadiyyatda “resessiya”nın olduğunu göstərir. Tənəzzül yaşayan iqtisadiyyat başqa bir ölkənin ümumi daxili məhsulunun kəskin artımını təmin edə bilməz.
Aqil Məmmədov
Ordu.az