Ermənistandakı seçkiqabağı kampaniyanın “qiyməti”: Siyasi qüvvələr nə qədər xərc çəkib və hansı “hədiyyələri” alıblar?

2026/06/1782459840.jpg
Oxunub: 263     11:43     26 İyun 2026    
“Parlament seçkilərində iştirak edən 18 siyasi qüvvə 28 günlük seçkiqabağı təşviqat dövründə seçki fondlarına ümumilikdə 2 milyard 147,7 milyon dram köçürüb. Bu vəsaitin 2 milyard 12,4 milyon dramı, yəni təxminən 5,2 milyon ABŞ dolları seçki təşviqatına sərf olunub”.

Ordu.az xəbər verir ki, bu barədə “Factor” nəşri “Seçkiqabağı kampaniyanın “qiyməti”: Siyasi qüvvələr nə qədər xərc çəkib və hansı “hədiyyələri” alıblar?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, seçki təşviqatına ən çox vəsait sərf edən siyasi qüvvə 777,3 milyon dramla “Vətəndaş Müqaviləsi” partiyası olub. Ondan sonra 467,5 milyon dramla “Güclü Ermənistan” alyansı, üçüncü yerdə isə 322,3 milyon dramla “Hayastan” alyansı qərarlaşıb.

Məqalədə qeyd olunur ki, “Çiçəklənən Ermənistan” Partiyası təşviqat dövründə 173,8 milyon dram, “Birliyin Qanadları” siyasi qüvvəsi 68,3 milyon dram, “İşıqlı Ermənistan” Partiyası təxminən 43 milyon dram, “Yeni Güc” islahatçı partiyası 36,5 milyon dram, “Respublika Naminə” Partiyası 32,1 milyon dram, “Demokratik Birləşmə” Partiyası 25,3 milyon dram, “Respublika” Partiyası 22,2 milyon dram, Ermənistan Milli Konqresi 18,6 milyon dram, “Milli-Demokratik Qütb” 10,6 milyon dram, “Hamıya Qarşıyam” Partiyası 8,6 milyon dram, “Ermənistan Şərəf Respublikası” Partiyası isə 4,2 milyon dram xərc çəkib.

Nəşr bildirir ki, dörd siyasi partiya seçki təşviqatı dövründə 1 milyon dramdan da az vəsait xərcləyib.

“Factor”un araşdırmasına görə, Mərkəzi Seçki Komissiyasının Nəzarət-Təftiş Xidmətinin açıqladığı hesabatlar əsasında müəyyən edilib ki, “Birliyin Qanadları” seçki təşviqatı üçün aldığı mal və xidmətlərə görə 139,3 milyon drama yaxın borclu qalıb”, - deyə məqalədə qeyd olunub.

Məqalədə xatırladılır ki, təşviqat dövründə “Dosye” Mərkəzi “Birliyin Qanadları”nın Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun tabeliyində fəaliyyət göstərən EİSİ (ЭИСИ) institutundan təxminən 926 milyon dram maliyyə dəstəyi aldığını yazmışdı.

“Bu məlumatla bağlı “Müstəqil Müşahidəçi” alyansı cinayət haqqında müraciət etsə də, həmin məbləğ partiyanın maliyyə hesabatlarında əksini tapmayıb. “Birliyin Qanadları”nın lideri Arman Tatoyan isə Rusiyadan maliyyə aldıqları barədə iddiaları təkzib edərək bunu saxtakarlıq adlandırıb”, - deyə nəşr vurğulayıb.

Məqalədə daha sonra siyasi qüvvələrin aldıqları əvəzsiz dəstəyə də toxunulub.

“Nəşrin məlumatına görə, ən böyük həcmdə “hədiyyə” alan siyasi qüvvə “Vətəndaş Müqaviləsi” partiyası olub. Partiya icarəyə götürdüyü məkanlardan əlavə, ölkənin 129 ünvanında yerləşən seçki qərargahlarından ödənişsiz istifadə edib. Bunlardan 32-si İrəvanda yerləşib və əvəzsiz verilmiş əmlakın ümumi dəyəri 10,6 milyon dram təşkil edib”, - deyə məqalədə bildirilir.

“Factor” yazır ki, “Güclü Ermənistan” alyansı da əvəzsiz mal və xidmətlər əldə edib.

“Alyansa 190 min dram dəyərində şarlar, 6,5 milyon dramlıq təşviqat materialları, həmçinin müğənnilər Sofi Mxeyan və Nersik İspiryanın konsert çıxışları hədiyyə olunub. Hesabatda onların çıxışlarının bazar dəyəri müvafiq olaraq 7,5 milyon və 5,5 milyon dram göstərilib”, - deyə nəşr qeyd edib.

Məqalədə həmçinin bildirilir ki, “Çiçəklənən Ermənistan” Partiyası və “Hayastan” alyansı da seçki qərargahları ilə bağlı əvəzsiz istifadə olunan məkanlar barədə məlumat təqdim etsələr də, bir çox hallarda konkret ünvanlar göstərilməyib.

Nəşr sonda siyasi qüvvələrin televiziya efiri və rəqəmsal platformalarda reklam xərclərini də təhlil edib.

“2026-cı il mayın 7-dən iyunun 10-dək sosial media platformalarında, o cümlədən “Facebook”, “TikTok”, “Google” və digər rəqəmsal platformalarda siyasi reklam üçün ümumilikdə 189 milyon dram xərclənib. Bu sahədə ən çox vəsait 59,1 milyon dramla “Hayastan” alyansı, 57,8 milyon dramla “Güclü Ermənistan” alyansı, 27,2 milyon dramla isə “Vətəndaş Müqaviləsi” partiyası tərəfindən xərclənib”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin