SEPAH: Hörmüz boğazında təhlükəsiz gəmiçilik yalnız İranın müəyyən etdiyi marşrutlarla mümkündür

2026/06/1782451043.jpg
Oxunub: 224     09:16     26 İyun 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazında təhlükəsiz gəmiçilik yalnız İran İslam Respublikasının müəyyən etdiyi marşrutlar vasitəsilə mümkündür.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəyanatında bildirilib ki, bəzi rəsmi şəxslər İranı məlumatlandırmadan və ya onunla razılaşdırma aparmadan Hörmüz boğazında yeni gəmiçilik marşrutu barədə açıqlama veriblər. Qeyd olunub ki, bu addım qəbuledilməzdir və son dərəcə təhlükəlidir.

Bəyanatda vurğulanıb ki, Hörmüz boğazından tranzit keçid üçün yeganə icazə verilən marşrutlar İran tərəfindən rəsmi şəkildə müəyyən edilən marşrutlardır.

Həmçinin xəbərdarlıq olunub ki, həmin marşrutlardan kənarda üzmə qadağandır və ciddi təhlükə yaradır. Bütün gəmilər elan olunmuş dəhlizlərdən kənar hər hansı tranzit keçiddən çəkinməyə çağırılıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri əlavə edib ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər üçün 16-cı kanal vasitəsilə hərbi dəniz qüvvələri ilə əlaqələndirmə məcburidir. Qaydaları pozan istənilən gəminin məcburetmə tədbirləri ilə üzləşəcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   İran   Gəmi  


Bizi "telegram"da izləyin