Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Mark Karni bildirib ki, İran və Venesuela hökumətləri ilə ciddi fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, həmin ölkələrdə diplomatik nümayəndəliklərin olmaması Ottavanın xaricdə yaşayan Kanada vətəndaşlarına yardım göstərməsinə və humanitar böhranlara operativ reaksiya verməsinə mane olur.
“Əlaqələrin saxlanılması hansısa siyasətin dəstəklənməsi demək deyil. Hər hansı ölkədə səfirliyin və ya konsulluq xidmətlərinin fəaliyyət göstərməsi həmin dövlətin siyasətini dəstəklədiyimiz anlamına gəlmir”, - deyə Karni bildirib.
Baş nazir qeyd edib ki, diplomatik nümayəndəliyin olmaması müxtəlif problemlər yaradır. O, buna misal olaraq Venesuelanı göstərib və bildirib ki, Kanada zəlzələ ilə bağlı daha operativ yardım göstərə bilərdi.
Karni vurğulayıb ki, yekun qərar hələ qəbul edilməyib, lakin onun fikrincə, mövcud yanaşmanın dəyişdirilməsi zəruridir.
Qeyd edək ki, Kanadanın sabiq mühafizəkar Baş naziri Stiven Harper 2012-ci ildə Tehrandakı Kanada səfirliyini bağlayaraq İranla diplomatik münasibətləri kəsmiş, iranlı diplomatların ölkəni tərk etməsini tələb etmiş və İranı “qlobal sülh üçün ən ciddi təhlükə” adlandırmışdı.
Kanada 2019-cu ildə isə Venesueladakı səfirliyinin fəaliyyətini dayandırmış, buna səbəb kimi həmin dövrün Prezidenti Nikolas Maduronun hökumətinin kanadalı diplomatların vizalarını uzatmamasını göstərmişdi.
Sevinc Əliyeva
Ordu.az