“Mənim iştirakım müxalifət mübarizəsinə yeni nəfəs verdi” - Karapetyan

2026/06/1781727139.jpg
Oxunub: 178     17:07     18 İyun 2026    
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan hesab edir ki, onun siyasi proseslərə qoşulması müxalifətin fəaliyyətinə yeni impuls verib.

Ordu.az xəbər verir ki, Karapetyan bu barədə Ermənistanın aparıcı media qurumlarının baş redaktorları ilə görüşündə danışıb.

Onun sözlərinə görə, əgər özü proseslərdə şəxsən iştirak etməsəydi, müxalif qüvvələr tədricən gücünü itirməyə başlayacaqdı.

“Şəxsən mən iştirak etməsəydim, müxalif qüvvələrimiz, inciməsinlər, amma artıq tədricən potensiallarını tükəndirirdilər. Bizim meydana çıxmağımız isə mübarizəyə yeni nəfəs verdi və müxalifətin daha qətiyyətlə irəliləməsinə kömək etdi”, - deyə Karapetyan bildirib.

O, bir il əvvəl özünə qarşı başladıldığını iddia etdiyi təqiblərə də toxunub. Karapetyan qeyd edib ki, ilkin mərhələdə belə genişmiqyaslı siyasi proseslərə qoşulmaq niyyətində olmayıb.

Onun sözlərinə görə, yalnız hakimiyyətin heç bir məhdudiyyət tanımadığını gördükdən sonra vəziyyət dəyişib.

Müxalif erməni siyasətçi bildirib ki, saxlanılmalara və həbslərə baxmayaraq, komandasının mübarizəni sona qədər davam etdirmək əzmi daha da güclənib.

“Əvvəlcədən kilsənin müdafiəsi ilə bağlı bəyanat verməyi planlaşdırırdım və bu qərarı hansı formatda açıqlayacağımı müəyyənləşdirməyə çalışırdım.

Rəhbərlik etdiyim alyansın seçkilərdə uğur qazanmaq üçün böyük şansı var idi və məhz buna görə hakimiyyət bizim qələbəmizin qarşısını almaq üçün müxtəlif üsullara əl atıb.

Biz bəlkə də düşündüyümüzdən daha ciddi təhlükə ilə üz-üzəyik. Elə buna görə də hesab edirəm ki, mənim iştirakım müxalifətin ayılmasına və daha inadkar mübarizə aparmasına kömək etdi”, - deyə Karapetyan vurğulayıb.

O, seçkilərin nəticələri ilə bağlı yayılan bəzi fikirləri də tənqid edib. Karapetyan hakim partiyaya qarşı səs vermək üçün Rusiyadan xüsusi olaraq zəngin ermənilərin gətirilməsi barədə iddiaları hakimiyyətin koordinasiya olunmuş təbliğatı adlandırıb.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana gələnlərin statistikasında hər hansı qeyri-adi dəyişiklik qeydə alınmayıb və onun dostları ilə tərəfdarlarının Ermənistana gəlməsi yalnız şəxsi təşəbbüs olub.

Karapetyan bildirib ki, hakimiyyət onların siyasi qüvvəsinə qarşı üç əsas informasiya hücumu həyata keçirib.

Onlardan biri kimi o, nəzarətdə olan media resurslarında “Güclü Ermənistan”ın guya keçmiş prezident və “Hayastan” alyansının lideri Robert Köçəryan üçün səs topladığı barədə məlumatların yayılmasını göstərib.

“Biz “Güclü Ermənistan” partiyasının yaradıldığını elan edəndə heç bir media resursumuz yox idi. Yalnız vətənpərvər jurnalistlərə güvənirdik və dörd ay ərzində fiziki olaraq bütün kəndləri gəzməyə imkanımız yox idi”, - deyə Karapetyan bildirib.

O əlavə edib ki, şəxsi reytinqinin yüksək olmasına baxmayaraq, seçkilər zamanı yeni siyasi qüvvənin tanınma səviyyəsi təxminən 80 faiz təşkil edib.

Karapetyanın sözlərinə görə, onlar 80 faizlik tanınma göstəricisi ilə hakim partiyanın 93 faizlik tanınma səviyyəsinə və bütün media imkanlarına qarşı mübarizə aparıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin