Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Sonra tədbir iştirakçılarına Ayaz İbrahimovun həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin təməlində Vətənə sədaqət, milli birlik və vətəndaş həmrəyliyi dayanır. “Bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə şəhid valideynləri adından "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mayis Gülməmmədov və şəhid anası Mehbarə Rzayeva çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalq-ordu-dövlət birliyinin parlaq təcəssümü olduğunu vurğulayıblar. Qeyd olunub ki, məhz bu sarsılmaz birlik, Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, şəhidlərimizin və döyüşlər- də yaralananların fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Görüşdə vurğulanıb ki, Ayaz İbrahimov kimi qəhrəman Vətən övladlarının göstərdikləri şücaət xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifələrini təşkil edir. Onların əziz xatirəsi daim uca tutulur, keçdikləri döyüş yolu isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm örnəkdir.
Daha sonra şəhidin atası Sultan İbrahimov çıxış edərək ailəsinə göstərilən dövlətin diqqət və qayğısına görə minnətdarlığını ifadə edib. Anım tədbirindən sonra şəhidin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Şəhid əsgər Ayaz Sultan oğlu İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. Ailənin tək qardaşı olan Ayaz 2004-2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb.
2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunun sıralarında fəaliyyətini davam etdirib.
Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və döyüş tapşırığını yerinə yetirərkən 2020-ci il noyabrın 10-da qəhrəmancasına şəhid olub.
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəxtiyar Əliyev, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
Ordu.az