Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, 47 yaşlı Avtandil Kalandadze əvvəllər İran və Venesuela neftini ABŞ-nin rəqiblərinin maraqları naminə daşıyan “kölgə donanması” tankerinin keçmiş kapitanı olub.
Məlumata əsasən, o, Karib dənizindən Şimali Atlantik okeanına qədər davam edən çoxhəftəlik təqib zamanı ABŞ Sahil Mühafizəsinin əmrlərinə tabe olmamaqda ittiham edilir.
Kalandadze ABŞ dairə məhkəməsində hakim Beril Hovell qarşısında günahını etiraf edib. Onun hökmünün avqustun 7-də elan olunacağı gözlənilir.
ABŞ qanunvericiliyinə əsasən, Sahil Mühafizəsinin əmrlərinə tabe olmamaq ağırlaşdırıcı hallar olmadığı təqdirdə maksimum 5 il azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.
Məlumata görə, cəzasını başa vurduqdan sonra Avtandil Kalandadze deportasiya olunacaq.
ABŞ milli təhlükəsizlik məsələləri üzrə baş prokurorun köməkçisi Con Eyzenberq bildirib ki, bu etiraf “kölgə donanması”nın sahibləri, operatorları və bu tip gəmilərə dəstək verən şəxslər üçün xəbərdarlıq olmalıdır.
İstintaq materiallarına əsasən, Kalandadze 2025-ci ilin sentyabrından dekabrın sonunadək “Bella 1” tankerinin kapitanı olub və bu müddətdə Asiyaya 1,8 milyon barel İran nefti daşıyıb.
ABŞ Ədliyyə Nazirliyi qeyd edib ki, tanker hərəkətlərini gizlətmək üçün avtomatik identifikasiya sistemini söndürmək və neftin digər gəmilərə ötürülməsi zamanı gəminin adını gizlətmək kimi üsullardan istifadə edib.
Qeyd edək ki, “Marinera” və ya “Bella 1” kimi tanınan, Venesuela ilə əlaqələndirilən və Rusiya bayrağı altında üzən tanker 2025-ci ilin avqustunda İrandan Venesuelaya yola düşmüşdü.
ABŞ qüvvələri tankeri əvvəlcə dekabrın 21-də Karib dənizində saxlamağa çalışıb, daha sonra isə 2026-cı il yanvarın 7-də İslandiya yaxınlığında ələ keçirib.
Saxlanıldıqdan sonra tanker və ekipaj üzvləri Şotlandiyaya aparılıb. Sonradan Avtandil Kalandadze ABŞ-yə təhvil verilib və ona qarşı ittiham 2026-cı il fevralın 12-də rəsmən irəli sürülüb.
Sevinc Əliyeva
Ordu.az