Hər bir ölkənin ordusu onun təhlükəsizliyinin qarantı, xalqın iradəsinin və dövlətin gücünün təcəssümüdür. Azərbaycan Ordusu da xalqımızın içindən çıxmış, onun etimadı və dəstəyi ilə formalaşmış milli ordudur. Bu gün ölkəmizdə mövcud olan xalq-ordu həmrəyliyi ilə qarşılıqlı etimad müstəqil Azərbaycanın qüdrətini şərtləndirən əsas amillərdəndir.
Azərbaycanın müstəqillik tarixində xalq-ordu birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin memarı Ümummilli Lider Heydər Əliyev olmuş, bu siyasi xətt sonradan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldilmişdir.
Heydər Əliyev - xalq-ordu birliyinin banisi
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə və idarəetmədəki xaos ordunun formalaşmasına ciddi maneələr yaradırdı. Belə ki, ölkədə ayrı-ayrı silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması dövlətçiliyimiz üçün böyük təhlükə törədirdi. Belə bir dövrdə xalqın yanında olmaq, onun qeydinə qalmaq üçün güclü bir siyasətçinin hakimiyyətə gəlməsi prioritet məsələlərdən idi. Nəhayət ki, xalq öz seçimini etdi...
1993-cü ildə xalqın təkidli tələbi, arzusu, istəyi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, nizami ordunun yaradılmasını da prioritet vəzifə kimi müəyyənləşdirdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Silahlı Qüvvələr vahid komandanlıq altında birləşdirildi.
Ulu Öndər Heydər Əliyev ordunu yalnız silah və texnika ilə deyil, ilk növbədə, mənəvi güclə qüdrətli olduğunu dəfələrlə vurğulayırdı. O, Azərbaycan Ordusunun xalqın ordusu olduğunu bildirərək, hər bir vətəndaşı dövlətin müdafiəsində fəal iştirak etməyə çağırırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində cəmiyyətdə hərbi xidmətə maraq artdı, vətənpərvərlik hissləri gücləndi, gənclərin orduya münasibətində köklü dəyişikliklər baş verdi.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə hərbi vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Şəhid ailələrinə, müharibə veteranlarına və hərbi qulluqçulara göstərilən qayğı xalqla ordu arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdi.
Bu gün xalq-ordu birliyinin ideoloji və mənəvi əsasları məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyasına söykənir. Azərbaycan xalqı onun siyasi irsini yüksək dəyərləndirir və bu siyasətin nəticələrini ölkəmizin hərbi qüdrətində aydın şəkildə görür.
Müstəqil Azərbaycanın inkişafının yeni mərhələsində Prezident İlham Əliyev xalq-ordu birliyinin daha da gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən etdi. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Ordusu xalqın sevgisi və etimadı ilə güclənir. Dövlət başçısının hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər də məhz bu məqsədə xidmət edir. Yeni yaşayış komplekslərinin tikilməsi, şəhid ailələri və döyüşçülərin sosial problemlərinin həlli, veteranlara göstərilən diqqət və qayğı xalq-ordu birliyinin möhkəmlənməsinə mühüm töhfə verib.
Bu gün hər bir Azərbaycan vətəndaşı ordunun uğurlarını öz uğuru kimi qiymətləndirir, hər bir hərbçi isə xalqın etimadını doğrultmağı özünə şərəfli vəzifə hesab edir. Bu qarşılıqlı inam və dəstək cəmiyyətimizdə milli həmrəyliyin ən parlaq nümunələrindən biridir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalq-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda tarixi missiyanı şərəflə yerinə yetirdi.
44 gün davam edən müharibə dövründə xalqımız misilsiz birlik nümayiş etdirdi. Cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimiz arxa cəbhədə xalqın dəstəyini hiss edir, bu dəstək onların döyüş əzmini daha da artırırdı. Könüllülər, gənclər, ziyalılar, ictimai təşkilatlar və sadə vətəndaşlar qələbə naminə səfərbər olmuşdular.
Müharibə zamanı xalqla ordunun bir amal uğrunda birləşməsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi. Məhz bu birlik nəticəsində işğalda olmuş rayon və kəndlərimiz azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.
Vətən müharibəsində qazanılan tarixi Zəfər həm hərbi qələbə, həm də milli birliyin, vətənpərvərliyin və xalq-ordu həmrəyliyinin təntənəsi oldu.
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərin qarşısında mühüm vəzifələr qoyur. İnformasiya müharibələri, regional gərginliklər və yeni təhlükələr xalq-ordu birliyinin əhəmiyyətini daha da artırır.
Bu gün Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə olunur, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirirlər. Təhsil müəssisələrində, ictimai təşkilatlarda və kütləvi informasiya vasitələrində aparılan maarifləndirmə işi milli ruhun möhkəmlənməsinə xidmət edir.
Xalq-ordu birliyi həm müharibə dövründə, həm də sülh şəraitində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun nüfuzunun yüksəldilməsi, hərb sahəsinin cəmiyyətdə hörmətinin artırılması və gənclərin hərbi xidmətə hazırlanması dövlətimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə şərait yaradır.
Beləliklə, Azərbaycanın qüdrətinin əsas mənbələrindən biri xalqla ordunun sarsılmaz birliyidir. Bu birliyin möhkəm təməlləri xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilir.
Bu gün Azərbaycan Ordusu xalqın güvəndiyi, qürur duyduğu və fəxr etdiyi bir qüvvədir. Xalq isə öz ordusunun arxasında möhkəm dayanaraq dövlətimizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısına çevrilib.
Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi bir daha sübut edir ki, xalq və ordu bir yumruq kimi birləşdikdə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür. Bu birlik Azərbaycanın bu gününün gücü, sabahının isə ən etibarlı təminatçısıdır.
Kifayət Əliyeva, "Azərbaycan Ordusu"
Ordu.az