Müharibənin beşinci ili, elitanın sarayları: Rusiya kommunistləri Kremlə qarşı niyə cəbhə açdı?

2026/06/1781338731.jpg
Oxunub: 271     12:16     13 İyun 2026    
Dövlət Dumasının kommunist deputatı Vyaçeslav Marxayev “Telegram” kanalında yazıb ki, Rusiya “sosial partlayış həddindədir”. Bu barədə Kiyevdə nəşr olunan “Yeni Avropa Qəzeti”nin feysbuk səhifəsi məlumat yayıb.

Onun fikrincə, bunun səbəbi kommunal xidmət haqlarının bahalaşması, korrupsiya, elitaların varlanması və “xüsusi hərbi əməliyyatın başa çatdırılması ilə bağlı açıq proqramın olmamasıdır”. “Rusiyanı xarici düşmən işğal etsəydi, nə edərdi?” - deyə Marxayev ritorik sual verib və özü də cavablandırıb:

“O, resursları mənimsəyər, sənayeni talayardı, tarifləri artırardı, özü üçün saraylar tikərdi. Amma xarici işğal baş verməyib, bütün bunları istənilən düşməndən daha yaxşı şəkildə hakimiyyət özü edib. Otuz beş il ərzində bir dənə də uğurlu islahat həyata keçirilməyib, əvəzində oliqarxlar çoxalır və varlanırlar, özü də bu, “xüsusi hərbi əməliyyatın” beşinci ilində baş verir”, - deyə Dövlət Dumasının kommunist deputatı yazıb.

Marxayev Sankt-Peterburqda keçirilən iqtisadi forumu da sərt tənqid edib. O bildirib ki, forum “şəhərə qarşı Ukrayna zərbələrinin fonunda” təşkil olunub. Onun sözlərinə görə, bu cür “tədbirlər rifah görüntüsü yaradır, halbuki dövlət proqramlarının böyük hissəsi kağız üzərində qalır”. Marxayev bəyan edib ki, Putinin hakimiyyətdə olduğu iyirmi beş il ərzində kommunal xidmətlər üzrə ödənişlər “366 faiz artıb”.

Kommunist deputat Kremlin ünvanına çağırış edərək “özünə gəlməyi, kommunal xidmət tariflərinin artırılmasını dayandırmağı, məmurların məsuliyyətini təmin etməyi, eləcə də “xüsusi hərbi əməliyyatın” başa çatdırılması üçün açıq və aydın proqram təqdim etməyi” tələb edib.

Marxayevin fikrincə, əks halda “ölkədə sosial partlayış baş verə bilər” və buna görə məsuliyyəti “dəyişməz hakimiyyət” daşıyacaq.

Rusiya faktiki olaraq seçki mərhələsinə daxil olub. Sentyabr ayında Dövlət Dumasına seçkilər keçirilməlidir. Görünür, kommunistlər özlərinin proqnozlaşdırdıqları “sosial partlayışın” baş verməməsi üçün sosial-iqtisadi təbliğat missiyasını öz üzərlərinə götürüblər.

Bəzi məlumatlara görə, Kremldə “seçkilərdən sonra yeni hökumətin formalaşdırılması” barədə qərar qəbul olunub. Həmin hökumətin prioritetlərini isə, görünür, bir gün əvvəl hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev açıqlayıb.

Dumaya seçkilər üzrə təbliğat kampaniyasının, ehtimal ki, hakimiyyət tərəfindən “kvotalar əsasında” bölüşdürüləcəyi gözlənilir. Əsas məsələ kommunistlərin sosial narazılığı nə dərəcədə idarə edə biləcəyidir. Ehtimal etmək olar ki, uğur qazanacaqları halda kommunistlər “koalisiya hökumətinin tərkib hissəsinə çevriləcəklər”.

Ukrayna məsələsində onlar Vladimir Putinin yanaşmalarını tam şəkildə bölüşürlər. Ümumilikdə isə bu yanaşma belə bir nəticəyə gətirib çıxarır ki, “Ukrayna ukraynalaşdırılmış olaraq qala bilməz”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Rusiya   Kreml  


Bizi "telegram"da izləyin