Erməni ekspert: “Ermənistanda seçkilərdən sonra yaranmış siyasi vəziyyət ölkə üçün ciddi risklər yaradır”

2026/05/1779865620.jpg
Oxunub: 208     11:58     13 İyun 2026    
“Ermənistandakı vəziyyətə emosiyalardan kənar baxıldıqda ölkədə bir sıra anormal proseslərin müşahidə olunduğu görünür”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert, Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü Vahe Hovhannisyan yazıb.

Onun sözlərinə görə, cəmiyyət dərin şəkildə parçalanıb və demək olar ki, düşmənçilik səviyyəsinə çatıb.

“Adətən seçkilərdən sonra hakimiyyətlər daxili gərginliyi azaltmağa çalışsa da, Ermənistanda əks proses gedir və hakimiyyət cəmiyyətin əhəmiyyətli hissəsini hələ də rəqib kimi qəbul edir.

Siyasi rəqiblərlə minimum işgüzar ünsiyyət kanallarının olmaması da ciddi problemdir. Hakimiyyət müxalifətlə siyasi dialoq əvəzinə hüquq-mühafizə orqanları vasitəsilə münasibət qurmağa üstünlük verir.

Bu siyasət nəticəsində yüz minlərlə insan ölkənin ictimai-siyasi həyatından uzaqlaşır və bu vəziyyət uzun müddət davam edə bilməz. Parlamentdə yalnız hakim “Vətəndaş Müqaviləsi” partiyasının təmsil olunmasının daha yaxşı olacağı ilə bağlı fikirlər reallığı əks etdirmir”, - deyə Hovhannisyan qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət üçün parlamentdə güclü və sərt tənqidçi müxalifətin olması daha faydalıdır.

Hovhannisyan bildiri ki, əks halda, bu vəziyyət həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hakimiyyətin legitimliyinə dair suallar yarada bilər.

O, “Çiçəklənən Ermənistan” Partiyası ətrafında baş verən hadisələrin artıq təkcə həmin partiyanın problemi olmadığını da bildirib. Hovhannisyan ErmənistanMərkəzi Seçki Komissiyasında partiyanın seçki nəticələri ilə bağlı yaranmış vəziyyətin seçkilərin ümumi mahiyyətinə təsir etdiyini iddia edib.

O, iqtisadi məsələlərə də toxunaraq qeyd edib ki, Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərin yaxın aylarda Ermənistan iqtisadiyyatına ciddi təsir göstərəcəyi gözlənilir.

“Subsidiyalar və Avropa bazarları ilə bağlı alternativ planlar daha çox siyasi təbliğat xarakteri daşıyır və mövcud iqtisadi problemləri həll etmək iqtidarında deyil.

Yaxın aylarda regionda yeni siyasi proseslər baş verə bilər və Ermənistan mövcud daxili siyasi vəziyyətlə bu çağırışlara hazır deyil. Ermənistan çox mürəkkəb və təhlükəli mərhələdən keçir və ölkənin bütün siyasi qüvvələri eyni dövlət daxilində yaşadıqlarını unutmamalıdırlar”, - deyə erməni ekspert qeyd edb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin