Vaşinqtonun Astana gedişi: Trampın xüsusi nümayəndəsi Putinin səfərindən dərhal sonra Qazaxıstana niyə gəldi?

2026/06/1781338980.jpg
Oxunub: 256     12:22     13 İyun 2026    
İyunun 10-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Serxio Qorini qəbul edib. Bu barədə Qazaxıstan Prezident Administrasiyasının rəsmi “Akorda” saytı məlumat yayıb.

Qonağı salamlayan Tokayev bildirib ki, Qazaxıstanda ABŞ ilə “vacib məsələlərin geniş spektrini müzakirə etmək imkanını” yüksək qiymətləndirirlər. Tokayev Astananın “ABŞ ilə strateji əməkdaşlığı inkişaf etdirməkdə qətiyyətli olduğunu” təsdiqləyib. Qazaxıstan Prezidenti Serxio Qoridən Prezident Donald Trampa “səmimi ehtiramını çatdırmağı” xahiş edib və “ilin sonunadək onunla görüşmək imkanı əldə edəcəyinə” ümid etdiyini bildirib.

Tokayev bununla Mayamidə keçiriləcək və ABŞ Prezidenti tərəfindən dəvət aldığı “Böyük İyirmilik” sammitini nəzərdə tutub. Amerikalı yüksək vəzifəli qonaq Tokayevi əmin edib ki, Trampın simasında onun “Ağ Evdə səmimi dostu var”. O vurğulayıb ki, ABŞ ilə Qazaxıstan arasında “artıq 20 milyard dollardan çox ticarət-iqtisadi saziş imzalanıb və bu, yalnız başlanğıcdır”.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Qorinin Astana səfəri təbii olaraq Rusiya ekspertlərinin diqqət mərkəzində olub. Bu səfər Rusiya Prezidenti Vladimir Putinin dövlət səfərindən iki həftə keçməmiş baş tutub ki, bu da özlüyündə kifayət qədər diqqətçəkən məqamdır.

Tokayev-Qori danışıqları barədə Prezident Administrasiyasının yaydığı məlumatdan başqa əlavə təfərrüatlar olmasa da, “Nezavisimaya qazeta” qəti şəkildə hesab edir ki, Trampın xüsusi nümayəndəsi Tokayevlə “Qazaxıstanın nadir metallar və uran yataqlarının işlənməsi, eləcə də tədarük zəncirinin təmin olunması ilə bağlı məsələləri” müzakirə edib.

Maraqlıdır ki, ötən ilin avqustunda Alyaskada keçirilən Tramp-Putin sammitindən sonra Rusiya ekspertlərinin əksəriyyəti “Rusiya-ABŞ iqtisadi tərəfdaşlığının başlanacağını” gözləyirdi. Hətta ABŞ-nin Rusiyada “Arktikadakı qaz yataqlarını, Sibirdə isə nadir metal yataqlarını işlədəcəyi” barədə fikirlər də səsləndirilirdi.

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin Astana səfərindən, əlbəttə, birbaşa olaraq həmin “layihələrin həyata keçmədən dayandırıldığı” nəticəsini çıxarmaq olmaz. Lakin Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı üçüncü tərəfin vasitəçiliyi ilə qurmadığı artıq reallıq kimi görünür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Astana   Qazaxıstan   ABŞ  


Bizi "telegram"da izləyin