Erməni oliqarx Paşinyana və Ermənistan İctimai Televiziyasına qarşı məhkəmə iddiası qaldırıb

2026/06/1781333478.jpg
Oxunub: 256     10:50     13 İyun 2026    
“Çiçəklənən Ermənistan” Partiyasının sədri, erməni oliqarx, deputatlığa namizəd Qaqik Tsarukyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı böhtan və təhqir iddiası ilə məhkəməyə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə “Hetq” nəşri məlumat yayıb.

Məlumata görə, məhkəmə Tsarukyanın iddiasını icraata qəbul edib. İddiada Paşinyandan onun haqqında səsləndirdiyi fikirləri təkzib etməsi, üzr istəməsi və 9 milyon dram məbləğində təzminat ödəməsi tələb olunur.

Qaqik Tsarukyan bildirib ki, Nikol Paşinyan 2026-cı il mayın 28-də keçirdiyi brifinq zamanı onu “cinayətkar”, “casus”, “agent” adlandırıb, həmçinin cinayət xarakterli sövdələşmələrdə iştirak etməkdə, Ermənistan xalqını talamaqda və Andranik Tevanyanı xarici xüsusi xidmət orqanlarının göstərişi ilə partiya siyahısına daxil etməkdə ittiham edib.

Tsarukyan həmin məlumatların həqiqətə uyğun olmadığını və yalan olduğunu iddia edir.

İddia ərizəsində Paşinyanın qərar qüvvəyə mindikdən sonra 5 iş günü ərzində bir sıra media orqanlarında bu bəyanatları təkzib etməsi və ictimai şəkildə üzr istəməsi tələb olunur.

Bundan əlavə, Tsarukyan böhtana görə 6 milyon, təhqirə görə isə 3 milyon dram təzminat tələb edir. O, həmçinin dövlət rüsumu və hüquqi xidmət xərclərinin də qarşı tərəfdən tutulmasını istəyir.

Məlumata görə, iddia 2026-cı il iyunun 2-də təqdim olunub və iyunun 12-də icraata qəbul edilib. İşə erməni hakim Naira Avetisyan baxır.

Nəşr qeyd edir ki, iyunun 5-də Qaqik Tsarukyan və “Çiçəklənən Ermənistan” Partiyası “Ermənistan İctimai Televiziyası” QSC-yə qarşı da ayrıca iddia qaldırıblar.

İddiada 2026-cı il mayın 24-də “Birinci Xəbər Kanalı”nın saytında yayımlanmış və Tsarukyanın siyasi fəaliyyəti ilə bağlı materialın təkzib olunması tələb edilir.

İddiaçı tərəf hesab edir ki, material balanslı və obyektiv şəkildə hazırlanmayıb, təqdim olunan məlumatların doğruluğu kifayət qədər yoxlanılmayıb və süjet hakim siyasi qüvvənin maraqlarına xidmət edib.

Tsarukyan və partiyası həmçinin telekanaldan hər biri üçün 6 milyon dram məbləğində təzminat tələb edir.

Məlumata görə, bu iş erməni hakim Qurqen Kotancyana həvalə olunub, lakin hələlik onun icraata qəbul edilməsi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tsarukyan   Ermənistan  


Bizi "telegram"da izləyin