ABŞ ordusu VAMPIRE antidron sistemləri üçün “L3Harris” şirkətinə 106 milyon dollarlıq sifariş verib

2026/06/1781123215.jpg
Oxunub: 173     00:19     11 İyun 2026    
ABŞ ordusu çoxtəbəqəli hava hücumundan müdafiə və antidron arxitekturasını gücləndirmək məqsədilə “L3Harris Technologies” şirkətinə dəyəri 106 milyon dollara çatan VAMPIRE antidron sistemləri sifariş edib.

Ordu.az xəbər verir ki, şirkət bu müqavilənin ABŞ-nin insansız hava vasitələrinə qarşı formalaşdırdığı çoxtəbəqəli müdafiə konsepsiyasının bir hissəsi olduğunu açıqlayıb.

“L3Harris” tərəfindən hazırlanmış VAMPIRE sistemi kəşfiyyat, hədəf aşkarlama və dəqiq zərbə vəzifələrini vahid platformada birləşdirən modul həll kimi təqdim olunur. Şirkət bildirib ki, VAMPIRE sisteminin hazırlanmasına Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra investisiya yatırılıb və sistem xüsusilə aşağı xərcli Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı effektiv vasitə kimi layihələndirilib.

“L3Harris”in məlumatına görə, VAMPIRE düşmən PUA-larını aşkarlayaraq dəqiq sursatlarla məhv edə bilir və bölmələrə sürətli yerləşdirilə bilən müdafiə imkanı təqdim edir. Şirkətin açıqladığı rəqəmlərə əsasən, VAMPIRE sistemləri 2023-cü ildən etibarən Avropadakı döyüş əməliyyatlarında intensiv istifadə olunub və 350 min saatdan çox əməliyyat müddətinə çatıb.

Bildirilib ki, bu təcrübə sistemin real döyüş şəraitində effektivliyini və etibarlılığını sübut edib. Artan tələbatı qarşılamaq məqsədilə “L3Harris” 2026-cı ildə Alabama ştatının Hantsvill şəhərində yerləşən müəssisələrində VAMPIRE istehsalını genişləndirib.

Yeni istehsal xətti ilə sistemin yüksək həcmdə seriyalı istehsalına başlanıldığı və bunun ABŞ ilə müttəfiq ölkələrin artan antidron ehtiyaclarını qarşılamağa yönəldiyi qeyd olunub.

“L3Harris”in Hədəfləmə və Sensor Sistemləri bölməsinin rəhbəri Tom Kirkland bildirib ki, sistem ABŞ Ordusunun tələbləri əsasında hazırlanıb.

“ABŞ ordusu ilə birlikdə sürətlə quraşdırıla, daşına, yerləşdirilə və istifadəyə verilə bilən yeni antidron sistemlərinə olan ehtiyacları təhlil etdik. VAMPIRE PUA təhdidlərini münasib xərc ilə aşkarlayıb zərərsizləşdirə bilən effektiv həll təqdim edir”, - deyə Kirkland vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   VAMPIRE  


Bizi "telegram"da izləyin