ABŞ HDQ F-35C qırıcılarına LRASM gəmi əleyhinə raketinin inteqrasiyasında mühüm mərhələni tamamlayıb

2026/06/1781123145.jpg
Oxunub: 197     00:17     11 İyun 2026    
“Lockheed Martin” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin F-35C qırıcılarına AGM-158C LRASM uzun mənzilli gəmi əleyhinə raketinin inteqrasiyası üzrə sınaq proqramının ilk mərhələsinin uğurla başa çatdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu inkişafın F-35C qırıcısının dəniz hədəflərinə qarşı uzaqmənzilli zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Şirkətin məlumatına görə, sınaqlar 2024-cü il sentyabrından 2026-cı il aprelinədək həyata keçirilən inteqrasiya uçuşları çərçivəsində keçirilib. LRASM inteqrasiya proqramı F-35C-nin vəzifə spektrini genişləndirmək və xüsusilə yüksək təhlükə mühitində dəniz hədəflərinə qarşı daha effektiv zərbə qabiliyyəti qazandırmaq məqsədi daşıyır.

Uzaq mənzilə və aşağı görünürlük xüsusiyyətlərinə malik LRASM müasir döyüş gəmilərinə qarşı uzaq məsafədən zərbə endirmək üçün hazırlanıb. Raket düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan hədəflərin məhv edilməsinə imkan yaradır. “Lockheed Martin” bildirir ki, LRASM uzun mənzili və qabaqcıl hədəf aşkarlama imkanları sayəsində müasir dəniz müharibələrinin vacib elementinə çevrilib.

Proqramın ilk mərhələsində F-35C-nin gövdəaltı asqılarda daşınan ağır sursatlarla bütün uçuş rejimlərində davranışını yoxlamaq məqsədilə genişmiqyaslı uçuş sınaqları keçirilib. Bu sınaqlar LRASM inteqrasiyasının növbəti mərhələsinə keçmək üçün vacib mərhələlərdən biri hesab olunurdu.

Proqram çərçivəsində həm LRASM, həm də AGM-158 JASSM sınaq sursatlarından istifadə edilib. Bununla F-35 platformasına hər iki raket növünün inteqrasiyasının təmin edilməsi hədəflənir. “Lockheed Martin” şirkətinin Hava Üstünlüyü və Zərbə Sistemləri üzrə vitse-prezidenti Con Hill bildirib ki, bu inteqrasiya F-35 istifadəçilərinə mühüm üstünlüklər qazandıracaq.

“LRASM-ni F-35-ə inteqrasiya etməklə döyüşçülərimizə vəzifə çevikliyini artıran və əməliyyat seçimlərini genişləndirən güclü imkan təqdim edirik”, - deyə o vurğulayıb.

F-35 İnkişaf Proqramının vitse-prezidenti Şon Cekson isə qeyd edib ki, ABŞ və müttəfiq ölkələrin yatırımları hesabına aparılan inteqrasiya işləri F-35-in əməliyyat imkanlarını inkişaf etdirməyə davam edir.

Hazırda LRASM ABŞ-nin ən qabaqcıl gəmi əleyhinə raketlərindən biri hesab olunur və B-1B “Lancer” strateji bombardmançıları ilə F/A-18E/F “Super Hornet” qırıcılarında istifadə edilir. Raketin F-35C-yə inteqrasiyası ABŞ Hərbi Dəniz Qüvvələrinə beşinci nəsil, aşağı görünürlüklü qırıcılarla uzaqmənzilli gəmi əleyhinə hücumlar həyata keçirmək imkanı verəcək.

Şirkət vurğulayıb ki, LRASM inteqrasiyasının tamamlanması F-35 parkının həm dəniz, həm də quru hədəflərinə qarşı uzaqmənzilli dəqiq zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   LRASM  


Bizi "telegram"da izləyin