Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Sazişdə bildirilir: “Hər iki ölkə iki dövlət arasında uzunmüddətli sülhə, bir-birinin suverenliyi və ərazi bütövlüyünün tam tanınmasına, həmçinin ümumi sərhəd boyunca real təhlükəsizliyin təmin edilməsinə şərait yaradan şərtlərin formalaşdırılması üçün çalışacaq, eyni zamanda İsrailin ayrılmaz özünümüdafiə hüququ qorunacaq”.
Tərəflər Livanın suverenliyini pozan və regional sabitliyi təhdid edən qeyri-dövlət silahlı qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaq planlarını qeyd ediblər. Ölkələr hesab edirlər ki, belə qruplaşmaların fəaliyyəti elə məhdudlaşdırılmalıdır ki, Livanda silah daşımağa icazə verilən yeganə qüvvə ölkənin təhlükəsizlik qüvvələri olsun.
İsrail və Livan təsdiqləyirlər ki, iki ölkə müharibə vəziyyətində deyil və ABŞ-nin vasitəçiliyi ilə hərtərəfli sazişə nail olmaq üçün xoş niyyətli birbaşa danışıqlar aparmağı öhdələrinə götürürlər. Bu saziş iki ölkə arasında uzunmüddətli təhlükəsizlik, sabitlik və sülhü təmin etməlidir.
Danışıqlarda vasitəçilik etmiş ABŞ öz növbəsində bildirib ki, İsrail “planlaşdırılan, qaçılmaz və ya davam edən hücumlardan özünü qorumaq üçün istənilən vaxt bütün zəruri tədbirləri görmək hüququnu saxlayır” və hərbi əməliyyatların dayandırılması buna mane olmamalıdır.
Bundan əlavə, ABŞ sazişdə qeyd edib ki, müvəqqəti atəşkəsin başlanmasından sonra Livan beynəlxalq dəstəklə “Hizbullah”ın və Livan ərazisində fəaliyyət göstərən digər bütün qeyri-dövlət silahlı qruplaşmaların İsrailə qarşı hücumlar və digər düşmənçilik hərəkətləri həyata keçirməsinin qarşısını almaq üçün mənalı addımlar atacaq.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bildirmişdi ki, İsrail və Livan aprelin 14-də 1993-cü ildən bəri ilk birbaşa danışıqlardan sonra 10 günlük atəşkəsə razılaşıblar.
İsrail və Livan rəsmi olaraq 1948-ci ildə İsrailin yaradılmasından etibarən müharibə vəziyyətindədir. Livan İsrail dövlətini tanımır.
Sevinc Əliyeva
Ordu.az