F-35-lərdə yeni radar böhranı: ABŞ Dəniz Piyadaları radarsız döyüş təyyarələrini təhvil aldı

2026/06/1782462615.jpg
Oxunub: 253     12:27     26 İyun 2026    
ABŞ Dəniz Piyadaları yeni nəsil AN/APG-85 AESA radarında yaranan gecikmə səbəbindən burun hissəsində radar əvəzinə tarazlıq ağırlığı yerləşdirilmiş altı ədəd F-35B döyüş təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” nəşri məlumat yayıb.

Məlumata görə, eyni vəziyyətin bu il ərzində ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün istehsal ediləcək F-35 təyyarələrinə də təsir edəcəyi gözlənilir.

Bildirilir ki, problem F-35 proqramında yeni AN/APG-85 radarına keçid zamanı həyata keçirilən konstruksiya dəyişikliklərindən qaynaqlanır. Yeni radarın quraşdırma nöqtələrinin hazırda istifadə olunan AN/APG-81 radarı ilə uyğun gəlməməsi və radarların təhvilində yaranan gecikmələr səbəbindən təyyarələr radarsız şəkildə təhvil verilməyə başlanıb.

F-35 Birgə Proqram Ofisinin direktoru, ABŞ Dəniz Piyadalarının general-leytenantı Qreqori Masiello ABŞ Senatının Silahlı Xidmətlər Komitəsində çıxışı zamanı indiyədək yalnız Dəniz Piyadaları üçün istehsal edilmiş qısa məsafədən qalxma və şaquli enmə imkanına malik altı ədəd F-35B təyyarəsinin radarsız təhvil verildiyini açıqlayıb.

Qeyd olunub ki, sözügedən təyyarələr bu il istehsal edilib və fevral ayında qəbul sınaqlarına başlayıb.

Səlahiyyətli şəxslər ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə hələlik radarsız təyyarələrin təhvil verilmədiyini, lakin ilin sonrakı aylarında bu qüvvələrin də oxşar təhvil almasının gözlənildiyini bildiriblər.

Məlumata görə, 17-ci istehsal partiyasından etibarən F-35 təyyarələri yalnız AN/APG-85 radarına uyğun yeni gövdə konstruksiyası ilə istehsal olunur. Lakin radarların ABŞ hökuməti tərəfindən ayrıca tədarük edilməsi və “Northrop Grumman” şirkətində yaranan gecikmələr səbəbindən təyyarələr radarsız təhvil verilir.

Radarlar hazır olduqdan sonra sonradan təyyarələrə inteqrasiya ediləcək. Radarı olmayan F-35-lər əsas uçuş hazırlığında istifadə oluna bilsə də, döyüş hazırlığı və əməliyyat tapşırıqlarını yerinə yetirə bilməyəcək.

ABŞ Hesablama Palatasının 2026-cı il iyunun hesabatına əsasən, 2025-ci ildə F-35 parkının yalnız təxminən 25 faizi tam döyüş hazırlığı səviyyəsinə malik olub. İstənilən tapşırığı yerinə yetirə biləcək hazırlıq səviyyəsində olan təyyarələrin payı isə 44,1 faiz təşkil edib.

Qreqori Masiello isə Birgə Proqram Ofisinin istifadə etdiyi hesablamaya əsasən döyüş hazırlığı göstəricisinin 56 faiz olduğunu bildirib. Bununla yanaşı, radarsız təhvil verilən F-35-lərin tam döyüş hazırlığına malik olmadığını da təsdiqləyib.

AN/APG-85 radarı F-35 proqramının gecikən “Block 4” modernizasiya paketinin əsas komponentlərindən biri hesab olunur. Yeni radarın daha çox enerji sərf etməsi və daha yüksək istilik yaratması səbəbindən təyyarənin enerji və istilik idarəetmə sistemlərinin də geniş şəkildə yenilənməsi tələb olunur.

Qreqori Masiello bildirib ki, gələcəkdə F-35 sistemlərinin enerji tələbatı 62-80 kilovata çata bilər, hazırkı soyutma sistemi isə 32 kilovat həddinə çatıb. O vurğulayıb: “Əsas diqqət yetirdiyimiz məsələ soyutma sistemidir. Mövcud sistemdə artıq təhlükəsizlik ehtiyatı qalmayıb”.

Səlahiyyətli şəxslərin sözlərinə görə, enerji və istilik idarəetmə sistemlərinin genişmiqyaslı yenilənməsinin 2031-ci ildən sonra xidmətə qəbul ediləcəyi gözlənilir. Bu səbəbdən AN/APG-85 radarının inteqrasiyası və F-35 “Block 4” modernizasiya proqramındakı gecikmələrin yaxın illərdə də proqramın icrasına təsir göstərəcəyi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   ABŞ  


Bizi "telegram"da izləyin