Ordu.az xəbər verir ki, bu barədə “Bizhankook” nəşri məlumat yayıb.
Məlumata görə, İndoneziya Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkətinə ödəməli olduğu son 63,6 milyard von məbləğini köçürüb. Bununla da iki ölkənin 2024-cü ildə əldə etdiyi razılaşmaya əsasən təxminən 600 milyard von həcmində müəyyən edilmiş yeni maliyyə öhdəliyi tam yerinə yetirilib.
KF-21 proqramı ilk olaraq KF-X adı ilə Cənubi Koreyanın ilk milli döyüş təyyarəsi layihəsi kimi başladılıb. Seul layihənin maliyyə yükünü bölüşmək və ixrac potensialını artırmaq məqsədilə beynəlxalq tərəfdaş axtarışına çıxmışdı.
Türkiyə ilə aparılan danışıqlar əqli mülkiyyət hüquqları ilə bağlı fikir ayrılıqları səbəbindən nəticəsiz qaldıqdan sonra Cənubi Koreya ilə İndoneziya 2016-cı ilin yanvarında KF-X proqramı üzrə birgə inkişaf sazişi imzalayıblar.
İlkin razılaşmaya əsasən, İndoneziya təxminən 8,1 trilyon von təşkil edən layihə xərcinin 20%-ni, yəni təxminən 1,6 trilyon vonu maliyyələşdirməyi öhdəsinə götürmüşdü. Bunun müqabilində texnologiya transferi, bir prototip təyyarənin verilməsi və indoneziyalı mühəndislərin layihədə iştirakı nəzərdə tutulurdu.
Lakin İndoneziya büdcə çətinlikləri səbəbindən ödəniş qrafikinə əməl edə bilmədi. 2019-cu ilədək yalnız təxminən 132 milyard von ödənilmişdi və gecikmələr proqramın əsas problemlərindən birinə çevrilmişdi.
2024-cü ildə indoneziyalı mühəndislərlə bağlı texnologiya sızması iddiaları vəziyyəti daha da mürəkkəbləşdirsə də, aparılan araşdırma nəticəsində cinayət tərkibi müəyyən edilməmişdi.
Bundan sonra Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) ilə İndoneziya hökuməti 2024-cü ilin avqustunda yeni razılaşma əldə edib. Razılaşmaya əsasən, İndoneziyanın maliyyə öhdəliyi təxminən 600 milyard vona endirilib, eyni zamanda texnologiya transferinin həcmi də azaldılıb.
Son ödənişin həyata keçirilməsi ilə proqramın maliyyələşdirilməsi ilə bağlı qeyri-müəyyənlik böyük ölçüdə aradan qalxıb. Hazırda diqqət İndoneziyanın planlaşdırdığı 48 ədəd KF-21 döyüş təyyarəsinin alınmasına yönəlib.
Məlumata görə, Cakarta təyyarələri hər biri 16 ədəddən ibarət olmaqla üç mərhələdə almağı nəzərdən keçirir. İlk 16 təyyarənin alınması üzrə danışıqlar davam edir və tərəflərin qiymət, eləcə də təhvil qrafiki ilə bağlı böyük ölçüdə ortaq mövqeyə gəldiyi bildirilir.
Bununla yanaşı, İndoneziyanın Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və Milli İnkişafın Planlaşdırılması Agentliyi (Bappenas) arasında maliyyələşdirmə modeli ilə bağlı müzakirələr davam edir. Zəruri büdcə təsdiqləri üçüncü rübdə tamamlanarsa, satınalma prosesinin rəsmiləşdirilə biləcəyi qeyd olunur.
Birgə inkişaf sazişi çərçivəsində texnologiya transferi və naturada təhvil prosesinin də davam etdiriləcəyi bildirilib. Mövcud plana əsasən, İndoneziyanın ödədiyi vəsaitin təxminən 350 milyard vonu bir ədəd KF-21 prototipinin təhvilinə, qalan hissəsi isə texnologiya transferi və layihə məlumatlarının paylaşılmasına yönəldiləcək.
Bununla belə, İndoneziyaya veriləcək texnologiya və texniki sənədlərin yekun həcmi ilə bağlı danışıqların hələ başa çatmadığı vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az