Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov məlumat verib.
Nazirin sözlərinə görə, sursatların bir hissəsi bu ay ərzində Ukraynaya çatdırılacaq. O bildirib ki, yardım əvvəllər yaxınmənzilli sursatların alınması üçün ayrılmış vəsaitin yenidən istiqamətləndirilməsi hesabına təmin olunub.
Ukrayna Müdafiə Nazirliyi qeyd edib ki, döyüş meydanında dəyişən şərait səbəbindən uzaqmənzilli artilleriya sursatı Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarından birinə çevrilib. Bu məsələ Ukrayna Prezidenti tərəfindən də Ramştayn formatında keçirilən görüşdə müttəfiq ölkələrin diqqətinə çatdırılıb.
Mixaylo Fedorov bildirib ki, Pilotsuz Uçuş Aparatlarının (PUA) yaratdığı təhlükə zonasının genişlənməsi artilleriyadan istifadə prioritetlərini dəyişib.
“PUA-ların təsir dairəsi genişləndikcə artilleriya prioritetlərimizi də yenidən formalaşdırırıq. Tərəfdaşlarımıza yaxınmənzilli sursat üçün ayrılmış vəsaitin bir hissəsinin uzaqmənzilli artilleriya imkanlarının artırılmasına yönəldilməsini təklif etdik”, - deyə nazir bildirib.
Nazirlik vurğulayıb ki, uzaqmənzilli sursat Ukrayna artilleriya bölmələrinə daha təhlükəsiz məsafədən hədəfləri məhv etmək imkanı verəcək və artilleriyanın cavab atəşinə məruz qalma riskini azaldacaq.
Məlumata görə, Danimarka bu müraciətə ən operativ cavab verən ölkələrdən biri olub.
Birgə qiymətləndirmənin nəticəsi olaraq yaxınmənzilli sursat üçün ayrılmış, lakin istifadə olunmayan vəsaitin uzaqmənzilli artilleriya sursatlarının alınmasına yönəldilməsi qərara alınıb.
Artıq alınmış sursatın bir hissəsinin Ukraynaya çatdırıldığı, qalan hissəsinin isə bu ay ərzində təhvil veriləcəyi gözlənilir.
Fedorov əlavə edib ki, Ukrayna bütün qərarları cəbhədə maksimum nəticə əldə etmək məqsədilə qəbul edir.
“Prezidentimizin tapşırığına uyğun olaraq hər bir qərarın maksimum təsir göstərməsini hədəfləyirik. Məqsədimiz hava məkanımızın müdafiəsini gücləndirmək, cəbhə xəttini dəstəkləmək və düşmənin hərbi potensialını daha effektiv şəkildə məhv etməkdir”, - deyə o bildirib.
Ukrayna Müdafiə Nazirliyi Danimarkanın dəstəyini cəbhədəki əməliyyat ehtiyaclarına uyğun formalaşdırılmış beynəlxalq yardımın uğurlu nümunəsi kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az