Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan yazıb.
Onun sözlərinə görə, Tehran daha sərt taktikanın yeni mərhələsinə keçir.
“Bildirilir ki, regionda fəaliyyət göstərən ABŞ şirkətlərinin iqtisadi və infrastruktur mövcudluğu cavab tədbirləri çərçivəsinə daxil edilə bilər.
İslam İnqilabı Keşikçiləri Korpusunun diqqət mərkəzinə ABŞ-nin enerji mövcudluğunun əsas dayaqları düşüb:
- “Chevron” - İraqda həyata keçirilən genişmiqyaslı hasilat və investisiya proqramları ilə,
- “ExxonMobil” - Fars körfəzində bir sıra iri layihələrdə pay iştirakı ilə,
- “KBR Inc.” və SLB - Küveytdə kritik infrastrukturun xidmət göstərilməsi ilə,
- “Jafurah Gas Field” - Səudiyyə Ərəbistanının strateji prioritetlərindən sayılan nəhəng qaz yatağı.
Bu obyektlərə zərbə endirilməsi ABŞ korporativ sektoru üçün milyardlarla dollar itki demək olacaq. Lakin məsələ daha dərin strateji müstəvidədir: ABŞ-nin regionda təhlükəsizliyin təminatçısı kimi imici zərbə ala bilər”, - deyə Davtyan qeyde edib.
Davtyan bildirib ki, bundan əlavə, zərər görmüş ərəb dövlətləri, strateji ssenariyə görə, Vaşinqtona təzyiq göstərməyə məcbur qalacaqlar və münaqişənin dayandırılmasını tələb edəcəklər.
“Bu kontekstdə ABŞ biznesinə yönəlmiş təhdid İran üçün yalnız cəza mexanizmi deyil, həm də regionda güc balansının yenidən formalaşdırılmasına yönəlmiş çəkindirmə alətinə çevrilir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az