Ordu.az xəbər verir ki, Karapetyan bu barədə bir neçə media qurumunun baş redaktoruna verdiyi müsahibədə danışıb.
O bildirib ki, başa çatan seçkilər həm təşkilati, həm də mənəvi baxımdan ciddi problemlərlə müşayiət olunub.
Karapetyanın sözlərinə görə, hakimiyyət seçkiqabağı prosesi, səsvermə gününün təşkilini və səslərin hesablanmasını uğursuz şəkildə həyata keçirib.
“Mən müxalif qüvvələrin birləşməsi prosesinin başlandığını elan edirəm. Seçkilərdən əvvəl bu sahədə səhvlərə yol verdik. Bir sıra müxalif qüvvələrlə razılıq əldə edə bilmədik. İndi isə ölkəmiz və xalqımız üçün birləşmək olduqca vacibdir”, - deyə o bildirib.
Karapetyan hesab edir ki, Ermənistanın taleyinə biganə olmayan bütün müxalif qüvvələr bu çağırışa qoşulacaq və seçkilərdən sonra müxalif koalisiya formalaşdırılacaq.
O, bütün problemlərin ictimaiyyət qarşısında müzakirə olunması üçün əlaqələndirici şuranın yaradılmasını da təklif edib.
Mandatların qəbul olunub-olunmaması məsələsinə toxunan Karapetyan bildirib ki, bu mövzu xalqla açıq və şəffaf şəkildə müzakirə ediləcək.
Onun sözlərinə görə, əsas məqsəd Nikol Paşinyanın təkbaşına idarəçiliyinin və mühüm qərarları müxalifətin iştirakı olmadan qəbul etməsinin qarşısını almaqdır.
Karapetyan qeyd edib ki, “Güclü Ermənistan” alyansı həm mandatları qəbul etməyə, həm də onlardan imtina etməyə hazırdır, lakin bununla bağlı qərar ən düzgün siyasi addım əsasında verilməlidir.
Erməni müxalif siyasətçi bildirib ki, ölkə həlledici mərhələyə daxil olub və gələcək illərdə Ermənistanın taleyi ilə bağlı mühüm qərarlar veriləcək.
O əlavə edib ki, ABŞ, Avropa ölkələri, Rusiya və Çin rəhbərliyinə müraciət olunması təklif edilir və bu ölkələrin səfirlərinin gələcək müxalifət şurasının iclasına dəvət edilməsi planlaşdırılır.
“Yaxın vaxtlarda bütün müxalif qüvvələrin iştirakı ilə “Güclü və etibarlı mitinq” adlandırılması nəzərdə tutulan geniş aksiya təşkil olunacaq. Əminəm ki, qələbə uzaqda deyil. Bunun üçün düzgün addımlar atmalıyıq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az