Ukrayna cəbhəsi faktiki olaraq ikinci plana keçir? ABŞ-nin götürdüyü fasilə uzun çəkəcək?

2025/06/1750157766.jpg
Oxunub: 645     17:15     17 İyun 2025    
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Amerika tərəfi Moskva şəhərində keçirilməsi planlaşdırılan və iki ölkə arasında münasibətlərin müzakirəsinə həsr olunacaq diplomatik nümayəndələrin görüşünü ləğv edib. Zaxarova ümid edib ki, ABŞ tərəfinin götürdüyü bu fasilə uzun çəkməyəcək.

Rusiya XİN sözçüsü konkret olaraq görüşün hansı səbəbdən ləğv edildiyini açıqlamayıb. İki gün əvvəl ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutmuşdu ki, bu danışığın əsas mövzusu, təbii olaraq, İsrailin İrana qarşı başladığı müharibə olub. Putin və Tramp arasında yaranmış əsaslı fikir ayrılığı sonrakı diplomatik görüşün taleyinə təsir edə bilərdi, yoxsa ABŞ-Rusiya gündəliyində hazırda bütün digər məsələlər ikinci plana keçərək İran-İsrail qarşıdurması birinci yerə çıxıb? Təbii ki, istisna olunmur ki, ABŞ-nin bu fasiləsi sadəcə texniki xarakter daşıyır.

Hər bir halda, İran-İsrail müharibəsi öz miqyasına görə artıq qlobal miqyaslı böyük yenidənqurmaların yeni “mühərrikinə” çevrilməkdədir. Ukrayna cəbhəsi faktiki olaraq ikinci plana keçir və bu, yalnız müvəqqəti deyil. Böyük ehtimalla, beynəlxalq xəbər gündəminin ön sıralarına yenidən qayıtsa belə, artıq mahiyyət etibarilə əvvəlki kimi olmayacaq.

Bu baxımdan ABŞ və Rusiya, yaxud daha konkret desək, Putin və Tramp müəyyən razılaşmalara gəlmiş ola bilərlər. Bundan sonra məsələ, əlbəttə, bütün mürəkkəb və çoxqatlı detalları ilə artıq həmin razılaşmaların “icrası” mərhələsinə keçir. Məzmun baxımından Moskva və Vaşinqton artıq Yaxın Şərqdə baş verən proseslərə diqqəti yönəltməyə meyllidirlər ki, bu da ikitərəfli təmaslarda həm texniki, həm də gündəmə dair “yeniliklərin” masaya gətirilməsini tələb edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin