Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusundan təxris edilən Razmik Petrosyanın hüquqlarını qoruyan vəkil Aşxen Daşyan, 2017-ci il dekabrın 5-də müdafiə nazirliyinə qarşı məhkəməyə göndərilən iddianın icraata qəbul olunması haqqında bildirişi hələ də almadığını qeyd edib.
Məhkəməyə göndərilən iddiada tələb edilir ki, müdafiə nazirliyi tərəfindən hüquqlarını müdafiə etdiyi keçmiş hərbi qulluqçunun hərbi biletində aprel döyüşlərinin iştirakçısı olduğu barədə müvafiq qeydlər aparılsın.
Vəkil bildirir ki, keçmiş hərbi qulluqçu Razmik Petrosyanın aprel döyüşlərinin iştirakçısı olduğunu təsdiq edən şahidlər var, ancaq müdafiə nazirliyi yalnız döyüş növbətçiliyi apardığı barədə müvafiq qeydlər aparıb. Lakin qaydalara görə, döyüş növbətçiliyinin müddəti 15 gündür, bu müddət bitdikdən sonra hərbi qulluqçu hərbi hissənin daimi yerləşmə məntəqəsinə qayıdır.
Adı çəkilən hərbi qulluqçu 18 mart 2016-cı ildən 1 aprel 2016-cı il tarixinədək döyüş növbətçiliyində olub, sonra hərbi hissəyə qayıtsa da məlum 2 aprel döyüşləri başlayarkən yenidən ön mövqelərə aparılıb. Razmik Petrosyan təxris olunduğu 2016-cı ilin iyun ayınadək orada qalıb. 15 günlük ön xətt mövqelərindəki xidməti 3 ay fasiləsiz davam edib. Hazırda Petrosyan Ermənistanda yox, Rusiyada yaşayır.
Vəkilin məlumatına görə, məmur övladı olan daha iki nəfər Razmik Petrosyanla eyni yerdə, eyni şəkildə hərbi xidməti başa vursa da, onların hərbi biletində müvafiq qeydlər aparılıb.