Ordu.az xəbər verir ki, bunu iyunun 18-də keçirilən brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçirilən NATO-nun “Eagle Partner 2026” təlimlərini şərh edərkən deyib.
Zaxarovanın sözlərinə görə, Ermənistan rəhbərliyinin KTMT-də üzvlüyü dondurmaq qərarı “mürəkkəb məntiqin” nəticəsidir. O bildirib ki, İrəvan bir tərəfdən təşkilatın artıq ölkəni tərk etdiyini iddia edir, digər tərəfdən isə həmin təşkilatdakı üzvlüyünü dondurduğunu açıqlayır.
“Hazırkı mərhələdə onlar KTMT-də üzvlüklərini dondurduqlarını deyirlər. NATO ölkələri ilə keçirilən bu cür birgə manevrlər yalnız təəssüf doğurur. Xüsusilə narahatlıq yaradan məqam ondan ibarətdir ki, Ermənistan ərazisində bu proqramlar artıq sistemli xarakter alıb və 2023-cü ildən etibarən hər il keçirilir”, - deyə o vurğulayıb.
Zaxarova bildirib ki, bu təlimlərin heç bir sülhməramlı məqsədi yoxdur. Onun sözlərinə görə, NATO-nun əsas məqsədi Ermənistanı ənənəvi müttəfiqi olan Rusiyadan uzaqlaşdırmaqdır. O qeyd edib ki, NATO-nun konseptual sənədlərində Rusiya potensial rəqib kimi göstərilir və buna görə də bu təlimlər zamanı erməni hərbçilərə Rusiyaya qarşı döyüşməyi öyrədirlər.
Rusiya XİN rəsmisi əlavə edib ki, bir vaxtlar belə vəziyyəti təsəvvür etmək belə mümkün deyildi. O, Rusiyada yaşayan çoxsaylı erməni icmasının ümumi tarixi-mədəni məkanı qoruyub saxladığını və bu münasibətin dəyişmədiyini vurğulayıb.
Zaxarovanın fikrincə, Ermənistan rəhbərliyinin son dövrlərdə səsləndirdiyi bəyanatlar, o cümlədən Ermənistanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığına dair açıqlamalar Qərb tərəfindən diqqətlə izlənilir və İrəvanı Rusiya ilə qarşıdurmaya cəlb etmək üçün istifadə olunur.
O həmçinin bildirib ki, bu təlimlər Qərb ölkələrinə öz ordunun qurulması və idarə olunması standartlarını tətbiq etməyə imkan verir. Bununla da onlar Ermənistanın siyasətinə əlavə təsir rıçaqları əldə edirlər.
Zaxarova Qərbin təhlükəsizlik “çətiri”nə ümid etməyin sadəlövhlük olduğunu qeyd edib.
“Qərb dövlətləri ilk növbədə öz müttəfiqləri adlandırdıqları tərəfləri yarı yolda qoyurlar, halbuki Moskva ilə bu sahədə əməkdaşlıq perspektivlərinin məhv edilməsi artıq real təhlükəyə çevrilib. Belə təlimlər planlaşdırılarkən region ölkələrinin və qonşu dövlətlərin reaksiyası da nəzərə alınmalıdır”, - deyə o qeyd edib.
Zaxarova hesab edir ki, Qərb paytaxtlarının rəğbətini qazanmağa çalışan İrəvan bu məsələlərə kifayət qədər əhəmiyyət vermir.
Onun fikrincə, bu təlimlər Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə xidmət etməyəcək, əksinə yeni geosiyasi parçalanma xətləri və əlavə təhlükələr yaradacaq.
Alpər Mövludoğlu
Ordu.az