Aralıq Dənizində “Orta Liqa”dan Çıxış: Türkiyə Donanmasının Üç Böyük Güclə Rəqabət Strategiyası (FOTOLAR)

2026/06/1781794526.jpg
Oxunub: 319     18:56     18 İyun 2026    
Türkiyə donanmasının qızıl dövrü: Bu məqalədə hazırda ardıcıl şəkildə inşasına başlanılan və Türkiyə donanmasının tarixində sözün əsl mənasında “Qızıl Dövr” kimi xarakterizə edilə biləcək mərhələni başladacaq TF-2000 esminesi, MUGEM (Milli Aviadaşıyıcı), MİLDEN (Milli Sualtı Qayıq) və “İstif” sinfinə məxsus freqatları araşdıraraq gələcəyin döyüş gəmiləri donanmasına nəzər salacağıq. Bunu edərkən Aralıq dənizindəki rəqiblərimizlə qısa müqayisələr aparmağı da unutmayacağıq.

Giriş

2025-ci il yanvarın 2-də Türkiyə Milli Müdafiə Nazirliyi yaydığı açıqlamada TF-2000 və Milli Aviadaşıyıcının (MUGEM) təməlqoyma mərasimlərinin keçirildiyini, MİLDEN layihəsində isə ilk qaynaq mərasiminin baş tutduğunu bildirmişdi.

Bunun ardınca 2025-ci il yanvarın 10-da “İstif” sinfinə məxsus freqatların ikinci gəmisi TCG “İzmir” (F 516) və üçüncü gəmisi TCG “İzmit” (F 517) suya buraxıldı. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında eyni zamanda Türkiyə üzrə müxtəlif gəmiqayırma zavodlarında 31 hərbi gəminin inşasının davam etdiyi qeyd olunurdu.

Son dövrlərdə xüsusilə Hərbi Dəniz Qüvvələri üçün mühüm müdafiə investisiyalarının həyata keçirilməsi nəticəsində Türkiyə hazırda bütün Avropanın birlikdə inşa etdiyindən daha çox hərbi gəmini eyni vaxtda inşa edən ölkə vəziyyətindədir.

Eyni vaxtda ən çox hərbi gəmi istehsal edən ölkələr arasında isə Çindən sonra dünyada ikinci yerdə qərarlaşıb.

TF-2000 Hava Hücumundan Müdafiə Esminesi


İlk olaraq MUGEM ilə deyil, TF-2000 Hava Hücumundan Müdafiə Esminesi ilə başlayırıq. Çünki aviadaşıyıcı onu qoruyacaq döyüş qrupu olmadan o qədər də effektiv güc multiplikatoru hesab edilə bilməz. Türkiyə donanması ABŞ tərəfindən hədiyyə edilən “Gearing” sinfinə məxsus esmineslərin də xidmətdən çıxarılmasından sonra uzun illər ərzində esmines sinfinə məxsus gəmilərə malik olmayıb.

Hava hücumundan müdafiə məqsədləri üçün esmineslər əvəzinə Türkiyə donanmasının əsas zərbə qüvvəsini təşkil edən “Gabya” sinfinə məxsus freqatlardan istifadə edilir. Lakin “Gabya” sinfinə məxsus freqatların orta yaşı artıq 40-ı keçdiyindən onların təqaüdə çıxarılması vaxtı çatıb. “Gabya” sinfinə məxsus freqatların xidmətdən çıxarılmasından sonra onların yerinin TF-2000 Hava Hücumundan Müdafiə Esminesləri ilə doldurulması planlaşdırılır.


Türkiyə Hərbi Dəniz Qüvvələri üçün esmines ehtiyacı ilk dəfə 1990-cı illərin sonlarında gündəmə gətirilmişdi. Əslində layihə ilk dəfə nəzərdə tutulduqda esmines deyil, freqat kimi inşa edilməli idi. Lakin həmin dövrdəki maliyyə çətinlikləri layihənin bu günə qədər gecikməsinə səbəb oldu.

Layihənin gecikməsi və Hərbi Dəniz Qüvvələri Komandanlığının tələblərinin dəyişməsi nəticəsində freqat layihəsi sonradan esmines proqramına çevrildi. İlkin planlara əsasən 7000 ton subasımı qabiliyyətinə və 166 metr uzunluğa malik 7 esmines inşa ediləcəkdi.

Lakin ötən il keçirilən kritik layihələndirmə mərhələsində gəminin ölçülərinə yenidən baxıldı və göstəricilər 8500 ton subasımı və 149 metr uzunluq olaraq müəyyənləşdirildi. 2025-ci il etibarilə ilk TF-2000 esminesinin təməlqoyma mərasimi keçirilib.

Bu sinifdən Türkiyə donanması üçün neçə gəmi inşa ediləcəyi hələ dəqiq məlum deyil. Layihənin ilk illərində bu rəqəm 7 olaraq göstərilsə də, sonradan 4 və ya 8 gəmi olacağı ilə bağlı məlumatlar yayılıb. TF-2000 esminesinin layihəsini digər ölkələrin analoji sinif gəmiləri ilə müqayisə etdikdə onun ölçülərinə görə ABŞ-nin “Arleigh Burke” sinfinə məxsus esmineslərinə bənzədiyini söyləmək olar.

Silahlanma baxımından da hər iki sinif oxşar sayda şaquli buraxılış qurğularına və bir-birinin analoqu hesab edilən silah sistemlərinə malikdir. TF-2000-in Aralıq dənizindəki əsas rəqibi Fransa və İtaliyanın birgə hazırladığı “Horizon” sinfinə məxsus esmineslər hesab edilə bilər. Hər iki ölkənin bu sinifdən iki gəmisi var. Böyük Britaniyadakı analoqu isə “Type 45” esminesidir.

MUGEM (Milli Aviadaşıyıcı)


Milli Aviadaşıyıcı Layihəsi (MUGEM) rəsmi şəkildə elan edilənə qədər bir çox müdafiə sənayesi analitiki Türkiyə Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcıya ehtiyacının olub-olmadığını müzakirə edirdi. Bir çox analitik hesab edirdi ki, Türkiyə donanması əsasən Aralıq dənizi kimi dərin olmayan, materikə yaxın və okeanlar qədər çətin şəraitə malik olmayan sularda fəaliyyət göstərdiyi üçün TCG “Anadolu” tipli gəmilər dəniz platforması baxımından kifayət edəcək.

Lakin Türkiyə Hərbi Dəniz Qüvvələrinin yalnız Aralıq dənizində fəaliyyət göstərmədiyi də faktdır. Türkiyə donanması hazırda Somali sahillərində aktiv tapşırıq qrupu saxlayır və mən hesab edirəm ki, qarşıdakı illərdə xüsusilə Afrika istiqamətində bu cür qrupların sayı daha da artacaq. Hər hansı bölgəyə aviadaşıyıcı göndərmək həmin ərazidə uzun müddət qalmaq və logistika baxımından çətinlik çəkməmək üçün böyük üstünlükdür.

Üstəlik, TCG “Anadolu”nun uçuş göyərtəsində F-35B kimi şaquli qalxma və enmə (VTOL) imkanına malik pilotlu təyyarələr olmadığı üçün yalnız pilotsuz uçuş aparatlarından istifadə edə bilirik. Əgər hər hansı bölgədə daimi mövcudluq yaratmaq istəyiriksə, yalnız pilotsuz uçuş aparatları ilə “hava-hava” üstünlüyü formalaşdırmağın mümkün olmadığı da bir həqiqətdir. Bu baxımdan Hərbi Dəniz Qüvvələrinin bütün bu amilləri nəzərə alaraq gələcəyi düzgün planlaşdırdığını söyləmək olar.


MUGEM-in ölçülərinə və təchizatına nəzər saldıqda Türkiyənin milli aviadaşıyıcısının 60 min ton subasımı qabiliyyətinə, 285 metr uzunluğa və 72 metr enə malik olacağı görünür. Ölçüləri və subasımı qabiliyyəti baxımından MUGEM Aralıq dənizində Fransanın istifadə etdiyi “Charles de Gaulle” (R91) aviadaşıyıcısından daha böyük olacaq və buna görə də daha yüksək daşıma qabiliyyətinə sahib olacaq.

Böyük Britaniyanın “Queen Elizabeth” sinfinə məxsus aviadaşıyıcıları ilə ölçü baxımından oxşarlıq göstərdiyini və imkanlarının da bir-birinə yaxın olacağını söyləmək mümkündür. Hava qüvvəsi baxımından uçuş göyərtəsində və anqar bölməsində ümumilikdə təxminən 50 pilotlu və pilotsuz uçuş aparatının yerləşdirilməsi planlaşdırılır.

Bunlar arasında ən diqqət çəkən platformalar HÜRJET-in dəniz versiyası, KIZILELMA və “Bayraktar TB3” olacaq. MUGEM-in uçuş göyərtəsində iki qalxış və bir eniş zolağı yerləşəcək və gəmi STOBAR sisteminə malik olacaq. Milli Aviadaşıyıcını dünyadakı bir çox aviadaşıyıcıdan fərqləndirən xüsusiyyət isə göyərtəsində şaquli buraxılış qurğularının (VLS) yerləşdiriləcək olmasıdır.

MUGEM-də dörd ədəd GÖKDENİZ yaxın məsafəli müdafiə sistemi (CIWS) ilə yanaşı, 32 hüceyrəli MİDLAS şaquli buraxılış sistemi də quraşdırılacaq. Əgər 32 hüceyrəli MİDLAS sistemi quad-pack xüsusiyyətinə malik olarsa, hər hüceyrədə dörd raket yerləşdirilə bilər və ümumilikdə 128 raket daşımaq mümkün olar. Bu qədər yüksək rəqəm gəminin hava hücumundan müdafiə esminesi səviyyəsində raket ehtiyatına malik olması deməkdir.

Yəni MUGEM əsasən esmineslərdən və sualtı qayıqlardan ibarət tapşırıq qrupu ilə birlikdə fəaliyyət göstərərkən, eyni zamanda özünü təmin edə biləcək səviyyədə hava hücumundan müdafiə imkanlarına da sahib olacaq. 2025-ci il yanvarın 2-də təməlqoyma mərasimi keçirilən Milli Aviadaşıyıcının 2030-cu illərin əvvəllərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul ediləcəyi gözlənilir.

MİLDEN (Milli Sualtı Qayıq)


Bir neçə həftə əvvəl Milli Müdafiə Nazirliyi tərəfindən ilk qaynaq mərasiminin keçirildiyi açıqlanan MİLDEN layihəsi çərçivəsində 2019-cu ildə Hərbi Dəniz Qüvvələri Komandanlığının tərkibində Milli Sualtı Qayıq Dizayn Ofisi yaradılıb və işlərə başlanılıb. Konseptual layihələndirilməsi 2022-ci ildə tamamlanan MİLDEN layihəsinin detallı dizayn mərhələsinin 2025-ci ildə başa çatdırılması və tikinti mərhələsinə keçilməsi planlaşdırılırdı və bu məqsədə nail olunub.

2031-ci ildə isə sinfin ilk sualtı qayığının tikintisinin tamamlanacağı nəzərdə tutulur. Bu sinifdən neçə ədəd sualtı qayığın istehsal ediləcəyi isə hələ məlum deyil.

“İstif” sinfinə məxsus freqat


TCG “İçel” (F 518) modelindən biri SAHA EXPO 2024 sərgisində nümayiş etdirilib. MİDLAS buraxılış qurğularının quad-pack xüsusiyyətinə malik olması səbəbindən gəminin TCG “İstanbul” (F 515) freqatından daha uzun şaquli buraxılış hüceyrələrinə sahib olduğu görünür. Türkiyə Respublikasının tarixində ilk yerli freqat sinfi olan “İstif” sinfinə məxsus freqatlar MİLGEM layihəsinin ikinci mərhələsi çərçivəsində inşa edilir.

3000 tonluq nisbətən aşağı subasımı qabiliyyəti sayəsində bu sinif xüsusilə Aralıq dənizi şəraitində problemsiz xidmət üçün ideal platforma hesab edilə bilər. Xüsusilə silahlanmadan çıxarılması planlaşdırılan dörd ədəd “Yavuz” sinfinə məxsus freqatın yerini dolduracaq “İstif” sinfindən ilkin mərhələdə dörd gəminin tikilməsi nəzərdə tutulurdu. Lakin sonradan bu rəqəm səkkizə yüksəldildi və layihəyə daha da sürət verildi.

Sinfin ilk gəmisi olan TCG “İstanbul”un inşasına 2017-ci ildə başlanılıb və gəmi 2023-cü ildə silahlanmaya qəbul edilib. Layihə çərçivəsində planlaşdırılan gəmi sayının iki dəfə artırılması səbəbindən tikinti işləri özəl gəmiqayırma zavodlarına həvalə edilib. Bu sayədə layihə sürət qazanıb və növbəti üç gəminin demək olar ki, eyni vaxtda tamamlanaraq 2026-2027-ci illər arasında, yəni təxminən üç illik müddətdə xidmətə qəbul olunması planlaşdırılır.

Layihə çərçivəsində xidmətə qəbul edilən ilk gəmi olan TCG “İstanbul” (F 515) 16 hüceyrəli MİDLAS şaquli buraxılış sisteminə malikdir. Lakin digər yeddi gəmidə quad-pack xüsusiyyəti olacağı üçün 16 hüceyrədə maksimum və nadir hallarda 64 hava hücumundan müdafiə və qanadlı raketin yerləşdirilməsi mümkün olacaq. Təbii ki, raketlərin ölçülərinin yerləşdirməyə təsir etdiyini nəzərə alsaq, bütün 64 raketin eyni vaxtda yüklənməsi tez-tez rast gəlinən hal olmayacaq.

Silahlanmada yer alacaq səkkiz ədəd “İstif” sinfinə məxsus freqat xüsusilə Yunanıstanın Fransadan aldığı üç ədəd “Belharra” tipli freqatla müqayisədə əhəmiyyətli üstünlük yaradacaq.

Nəticə

Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarındakı gəmilərin orta yaşı təxminən 20-dir. Fransa, İtaliya və Böyük Britaniya kimi ölkələrdə isə bu göstərici təxminən 10-12 il təşkil edir. Bu məqalədə bəhs edilən platformalar və digər layihələr sayəsində həm donanmanın orta yaş göstəricisi, həm də keyfiyyət baxımından döyüş gücü Aralıq dənizindəki rəqiblərimizin səviyyəsinə çatacaq.

Hərbi Dəniz Qüvvələri Komandanlığı son dövrlərdə həyata keçirdiyi ardıcıl layihələr vasitəsilə inventarına əvvəllər malik olmadığı yerli gəmiləri və aviadaşıyıcını daxil edir. Gələcək illərdə silahlanmaya qəbul ediləcək sistemlər sayəsində biz yalnız Aralıq dənizində daha güclü güc multiplikatoruna çevrilməyəcək, həm də qlobal miqyasda əməliyyatlar həyata keçirə bilən donanmaya sahib olacağıq.

Bu baxımdan Hərbi Dəniz Qüvvələri Komandanlığının hazırda yerləşdiyi “orta liqa”dan çıxaraq Fransa, İtaliya və Böyük Britaniya ilə eyni səviyyəyə yüksələcəyini söyləmək olar. Silahlanmaya yeni qəbul edilən və gələcək illərdə qəbul olunması planlaşdırılan layihələri nəzərdən keçirərək Türkiyə Hərbi Dəniz Qüvvələrinin gələcək inventarını qısa şəkildə təqdim etmiş olduq.

Ardıcıl, hətta eyni vaxtda həyata keçirilən bu layihələr sayəsində “Türkiyə donanmasının Qızıl Dövrü”nə şahidlik etdiyimizi də söyləmək mümkündür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Donanma  


Bizi "telegram"da izləyin