Fransa İranla ABŞ arasında əldə olunan razılaşmanı dəstəkləyir

2026/06/1781795587.jpg
Oxunub: 196     19:06     18 İyun 2026    
Fransa İranla ABŞ arasında əldə olunan razılaşmanı dəstəkləyir.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.

"Fransanın xarici işlər naziri də Parisin diplomatik prosesə və əldə olunmuş anlaşma memorandumuna tam dəstəyini bildirərək, regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin möhkəmləndirilməsi üçün bu imkandan istifadə olunmasının vacibliyini vurğulayıb", - Əraqçinin "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunur.

Əraqçi İran və Fransa arasında xüsusilə iqtisadi və ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün İslamabad anlaşma memorandumu çərçivəsində yaradılmış imkanlara diqqət çəkərək, bu razılaşmanın həyata keçirilməsində və ondan irəli gələn sülh proseslərinin dəstəklənməsində dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətiyyətli və hərtərəfli dəstəyinin zəruriliyini diqqətə çatdırıb.

Tərəflər həmçinin Hörmüz boğazında təhlükəsiz və beynəlxalq hüquqa uyğun gəmiçiliyin vacibliyini vurğulayıb, bu strateji su yolunda təhlükəsizlik və sabitliyin qorunub saxlanılmasının sülh və beynəlxalq ticarət üçün zəruri olduğunu qəbul ediblər.

Söhbət zamanı Əraqçi İslamabad anlaşma memorandumunun müddəalarına istinad edərək, müharibənin başa çatmasında və Livan da daxil olmaqla, bütün cəbhələrdə münaqişələrin dayandırılmasında fəal rol oynamaq üçün ABŞ-nin məsuliyyətini xatırladıb.

Xatırladaq ki, anlaşma memorandumu ABŞ Prezidenti Donald Tramp və onun iranlı həmkarı Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp da məlumatı təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran   ABŞ  


Bizi "telegram"da izləyin