Kubanın Prezidenti dərinləşən iqtisadi böhran fonunda təcili islahatlara çağırıb

2026/06/1781796429.jpg
Oxunub: 183     19:24     18 İyun 2026    
Kuba Prezidenti Migel Dias-Kanel ölkədə dərinləşən iqtisadi böhranın aradan qaldırılması üçün təcili iqtisadi dəyişikliklərin həyata keçirilməsinin vacibliyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Kuba Kommunist Partiyasının Siyasi Bürosunun iclasında çıxış edən Dias-Kanel ölkənin “təcili və zəruri dəyişikliklərə” ehtiyacı olduğunu etiraf edib. Bu bəyanat Kuba rəhbərliyinin mövcud iqtisadi modelin ciddi şəkildə yenidən nəzərdən keçirilməsinin vacibliyini ən açıq formada etiraf etmələrindən biri kimi qiymətləndirilir.

Prezident mümkün islahat istiqamətləri kimi Çin və Vyetnam təcrübələrini nümunə göstərib. O qeyd edib ki, bu ölkələr sosialist siyasi sistemi qorumaqla yanaşı, iqtisadiyyatlarını özəl biznesə və xarici investisiyalara açmağa nail olublar.

Dias-Kanel vurğulayıb ki, əsas məqsəd iqtisadi sərvət yaratmaq və onu ədalətli şəkildə bölüşdürməkdir.

İclas inkişaf edən özəl sektorun dəstəklənməsi və son illərdə iqtisadi çətinliklər səbəbindən ölkəni tərk etmiş milyonlarla kubalının kapitalının cəlb olunmasına yönəlmiş islahatların sürətləndirilməsinə həsr olunub.

Kuba Prezidenti bildirib ki, qəbul ediləcək qərarların bir hissəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmaya bilər. Bununla belə, onun sözlərinə görə, bu addımların daha da təxirə salınması artıq mümkün deyil.

Dias-Kanel qeyd edib ki, əhalinin həyat şəraitinin ağırlaşdığı bir dövrdə hakimiyyət yalnız böhranın səbəblərini izah etməklə kifayətlənməməli, dəyişdirilməsi zəruri olan məsələləri dəyişdirməlidir.

Kuba son onilliklərin ən ağır iqtisadi dövrlərindən birini yaşayır. Ölkədə ərzaq məhsulları, yanacaq, içməli su və dərman qıtlığı müşahidə olunur. Bir sıra bölgələrdə elektrik enerjisinin kəsilməsi 30 saatdan çox davam edir.

Havana iqtisadi problemlərin əsas səbəbi kimi ABŞ-nin altmış ildən artıqdır qüvvədə olan embarqosunu və sanksiya təzyiqlərinin gücləndirilməsini göstərir. Bununla yanaşı, Dias-Kanel problemlərin bir hissəsinin daxili amillərlə bağlı olduğunu da etiraf edib.

O, bürokratiyanı, dövlət aparatının ləng fəaliyyətini, istehsalçılar üçün həddindən artıq məhdudiyyətləri və illərlə təxirə salınmış qərarları mövcud çətinliklərin əsas səbəbləri sırasında göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   Böhran  


Bizi "telegram"da izləyin