Erməni siyasi xadim: “ABŞ-İran razılaşmasının məntiqi TRIPP layihəsini ciddi sual altına qoyur”

2026/06/1781608914.jpg
Oxunub: 192     15:20     16 İyun 2026    
“Beynəlxalq mediada son günlər ABŞ ilə İran arasında mümkün 14 bəndlik razılaşma fəal şəkildə müzakirə olunur. Əgər yayılan məlumatların yalnız bir hissəsi belə həqiqətə uyğundursa, artıq bir mühüm məqam görünür: həmin razılaşmanın məntiqi Ermənistan hakimiyyətinin aylarla regionun gələcəyinin demək olar ki, qaçılmaz ssenarisi kimi təqdim etdiyi TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini ciddi şəkildə sual altına qoyur”.

Ordu.az xəbər verir ki, bunu “Hayastan” blokunun siyahısında yer alan Narek Mantaşyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, müzakirə olunan müddəalardan ən azı bir neçəsi İranın təhlükəsizlik maraqlarının tanınmasına və regionda yeni gərginlik ocaqlarının yaranmasının qarşısının alınmasına əsaslanır.

“Bu isə TRIPP layihəsinin qurulduğu ideologiyaya birbaşa ziddir”, - deyə Mantaşyan vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyət Ermənistan hakimiyyətinin siyasətinin nə qədər uzaqgörməz və vəziyyətin yanlış qiymətləndirilməsi üzərində qurulduğunu bir daha sübut edir.

Mantaşyan qeyd edib ki, Ermənistanın dövlət maraqlarını rəhbər tutmaq və regionun bütün aktorlarının mövqeyini nəzərə almaq əvəzinə, hakimiyyət aylarla xarici mərkəzlərdə formalaşdırılmış layihələri artıq reallığa çevrilmiş fakt kimi cəmiyyətə təqdim edib.

“Bu gün geosiyasi şəraitin sözün əsl mənasında günlər ərzində dəyişdiyi bir vaxtda aydın olur ki, hakimiyyət növbəti dəfə siyasi təbliğata xidmət etməyə tələsib və bunu diplomatik uğur kimi təqdim edib.

Dövlət fərziyyələr, arzular və ya xarici himayədarların müvəqqəti planları üzərində qurula bilməz. Dövlət realist hesablamalar, milli maraqlar və regional reallıqların düzgün qiymətləndirilməsi əsasında qurulur.

TRIPP ətrafında baş verən proseslər göstərir ki, geosiyasət Ermənistan hakimiyyətinin təbliğat tezislərindən daha sürətlə dəyişir. Təəssüf ki, bunun əvəzini adətən hakimiyyət deyil, Ermənistan ödəyir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mantaşyan   Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin