“Jamestown”: Ermənistandakı seçki nəticələri Gürcüstanda qərbyönümlü qüvvələrə ilham verir

2026/06/1781603047.jpg
Oxunub: 256     14:08     16 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın qələbəsi Gürcüstanda Qərbyönümlü siyasi qüvvələr tərəfindən diqqətlə izlənilib və regionun gələcəyi baxımından mühüm hadisə kimi qiymətləndirilib”.

Ordu.az xəbər verir ki, bu barədə xarici siyasət nəşri olan “Jamestown”un “Ermənistandakı seçki nəticələri Gürcüstanda qərbyönümlü qüvvələrə ilham verir” başlıqlı məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Gürcüstan rəsmiləri Ermənistanın parlament seçkilərində qələbə qazanan Baş nazir Nikol Paşinyanı təbrik edərək iki ölkə arasındakı münasibətlərin daha da gücləndiriləcəyinə ümid etdiklərini bildiriblər.

Nəşrin yazdığına görə, bir çox gürcü Ermənistan seçkilərini böyük diqqət və hətta həyəcanla izləyib. Çünki bu seçkilər təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın, o cümlədən Gürcüstanın sülh və Qərbə inteqrasiya perspektivlərini müəyyənləşdirən amillərdən biri hesab olunur.

“Gürcüstandakı Qərbyönümlü qüvvələr qonşu Ermənistanda Qərbə inteqrasiya tərəfdarlarının qələbəsini Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya kursunun bərpası, eləcə də Rusiyadan daha da uzaqlaşması üçün mühüm arqument kimi qiymətləndirirlər”, - deyə məqalədə vurğulanır.

Məqalədə bildirilir ki, iyunun 8-də, Ermənistanda seçki məntəqələrinin bağlanmasından və Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsini rəsmən elan etməsindən bir neçə saat əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze onu təbrik edib.

“X” sosial şəbəkəsində paylaşım edən Kobaxidze iki ölkə arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib”, - deyə nəşr qeyd edib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin də iyunun 8-də Paşinyana və partiyasına uğurlar arzuladığı, Cənubi Qafqazda yaranan müsbət dinamikanın Gürcüstan üçün mühüm əhəmiyyət daşıdığını vurğuladığı qeyd olunur.

“Papuaşvili Ermənistan və Azərbaycan arasında sülh sazişinə aparan prosesin, sərhədlərin açılması və tərəflər arasında davam edən dialoqun region üçün vacib hadisələr olduğunu bildirib. O qeyd edib ki, regionda sülh və sabitlik Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır və buna nail olmaq üçün bütün ölkələr eyni məqsədə sadiq olmalıdırlar”, - deyə müəllif yazıb.

Məqalədə həmçinin Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvilinin Ermənistandakı seçkilərlə bağlı paylaşımına yer verilib.

“Ermənistan, sizin mübarizəniz bizim mübarizəmizdir. Bu seçkilər sizin demokratik və Avropa gələcəyinizi müəyyənləşdirəcək. Biz sizinləyik”, - deyə Zurabişvili bildirib.

Müəllif qeyd edir ki, Ermənistan seçkiləri təkcə bu ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi, regionun sülh və Qərbə inteqrasiya istiqaməti baxımından da böyük əhəmiyyət daşıyır.

Məqalədə seçkilərdən əvvəl Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin erməni seçicilərə müraciət etdiyi də xatırladılır.

“Saakaşvili sosial şəbəkədə paylaşdığı müraciətdə erməniləri Gürcüstanın səhvini təkrarlamamağa və Rusiyanın dəstəklədiyi oliqarx Samvel Karapetyanın tərəfdarlarına səs verməməyə çağırıb. O, bununla Gürcüstanın qeyri-rəsmi lideri hesab olunan milyarder Bidzina İvanişviliyə və onun rəhbərlik etdiyi “Gürcü Arzusu” partiyasına işarə edib”, - deyə məqalədə bildirilir.

Müəllifin yazdığına görə, seçkilərdən sonra hazırda Gürcüstanda həbsdə olan Saakaşvili nəticələrin Gürcüstanın, bütün Cənubi Qafqazın və hətta Rusiyanın taleyini müəyyənləşdirəcəyini bildirib.

“Erməni xalqı Putinin birbaşa təzyiqlərinə boyun əymədi, təbliğata və şayiələrə inanmadı, pul və boş vədlərə aldanmadı və Paşinyanı yenidən seçdi. Bu seçimlə onlar Ermənistanın Qərbə doğru hərəkətini geri dönməz etdilər”, - deyə Saakaşvili qeyd edib.

Məqalədə Paşinyanın da Gürcüstanla münasibətlərə dair müsbət fikirlər səsləndirdiyi vurğulanır.

“Gürcüstanla çox yaxşı münasibətlərimiz var. Açığı, hazırda malik olduğumuz münasibətlərdən daha yaxşı və daha dərin nə ola bilər, bilmirəm”, - deyə Paşinyan səsvermədən sonra jurnalistlərə bildirib.

O əlavə edib ki, iki ölkə arasında çoxsaylı siyasi və strateji məsələlər mövcuddur və tərəflər əməkdaşlığı daha da gücləndirmək niyyətindədirlər.

Məqalədə qeyd olunur ki, 1992-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycan müstəqillik əldə etdikdən sonra Tbilisi Bakı ilə İrəvan arasında balanslı siyasət yürütməyə çalışıb və bu xətt 30 ildən artıq davam edib.

“Lakin Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra regionda baş verən geosiyasi dəyişikliklər, Azərbaycanın Naxçıvanla əlaqəsini Ermənistanın Zəngəzur vilayəti üzərindən təmin etməyi nəzərdə tutan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin işə salınması, həmçinin Yaxın Şərq və Ukraynadakı müharibələr Cənubi Qafqaz üçün yeni çağırışlar və imkanlar yaradıb”, - deyə məqalədə vurğulanır.

Nəşr daha sonra Gürcüstanın müxtəlif siyasətçi və ekspertlərinin fikirlərinə yer verir.

Gürcüstan Milli Təhlükəsizlik Şurasının sabiq sədr müavini Teona Akubardiyanın sözlərinə görə, Ermənistandakı seçkilər Cənubi Qafqaz üçün dönüş nöqtəsidir.

“Onun fikrincə, Kremlin dezinformasiya və iqtisadi təzyiq kimi hibrid üsullardan geniş istifadə etməsinə baxmayaraq, erməni seçicilər Rusiyanın regional hegemonluğunu rədd edərək Qərbyönümlü gələcəyə üstünlük veriblər. Bu nəticə Moskva üçün ciddi strateji uğursuzluq hesab oluna bilər”, - deyə məqalədə qeyd olunur.

Akubardiya bildirib ki, postsovet cəmiyyətləri getdikcə daha çox suverenlik və Avropa inteqrasiyasını Rusiya təsirinə üstün tuturlar.

Məqalədə Gürcüstan Milli Bankının sabiq prezidenti və keçmiş deputat Roman Qotsiridzenin fikirlərinə də yer ayrılıb.

“Qotsiridzenin sözlərinə görə, Paşinyanın qələbəsi təkcə Ermənistan üçün deyil, Gürcüstan üçün də böyük uğurdur. O hesab edir ki, əvvəllər Cənubi Qafqazda Qərbyönümlü lider rolunu Gürcüstan oynayırdısa, indi demokratiya baxımından Ermənistan ön plana çıxmağa başlayıb”, - deyə məqalədə bildirilir.

İlia Dövlət Universitetinin professoru Qiya Nodianın fikrincə isə Paşinyanın qələbəsi ona Azərbaycan və Türkiyə ilə normallaşma prosesini başa çatdırmaq üçün yeni mandat verir.

“Əgər bu siyasət uğurlu olarsa, Cənubi Qafqaz tamamilə fərqli regiona çevrilə bilər. Əvvəllər münaqişələr regionu olan Cənubi Qafqaz gələcəkdə sülh və inkişaf regionuna çevrilmək imkanına malikdir”, - deyə o bildirib.

Məqalədə Gürcüstanın keçmiş dövlət naziri Paata Zakareişvilinin də fikirlərinə yer verilir.

“Zakareişvili hesab edir ki, Paşinyan əvvəlki kursunu, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətini davam etdirəcək. Onun sözlərinə görə, İran ətrafında baş verən hadisələr və Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda Qafqaz investorlar və nəqliyyat marşrutları üçün daha cəlbedici regiona çevrilir”, - deyə məqalədə qeyd olunub.

Müəllifin qənaətinə görə, Ermənistandakı seçki nəticələri və Paşinyanın ölkəni Avro-Atlantik institutlara yaxınlaşdırmaq siyasəti Gürcüstanda NATO və Avropa İttifaqına inteqrasiya tərəfdarı olan qüvvələrin mövqelərini daha da gücləndirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Gürcüstan  


Bizi "telegram"da izləyin