Erməni iqtisadçı: “İlin ikinci yarısında inflyasiya ola bilər, hökumət xərcləri aksiz vergisinin artırılması ilə kompensasiya etməyə çalışdı”

2026/06/1781589780.jpg
Oxunub: 185     16:56     16 İyun 2026    
Ermənistanda siqaret, alkoqol, dizel yanacağı və benzinin bahalaşması həm sakinlərə, həm də biznesə təsir göstərəcək.

Ermənistan hökumətinin son iclasında aksiz vergisinə cəlb olunan məhsullar üzrə vergi dərəcələrinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü təsdiqlənib.

Qərara əsasən, yaxın illərdə inflyasiya proqnozları nəzərə alınaraq aksiz vergisi tətbiq olunan məhsullar üzrə dərəcələr indeksləşdiriləcək və hər il üçün 3 faiz artım əmsalı müəyyən ediləcək.

Bundan əlavə, tütün məmulatları üzrə aksiz vergisinin hər il 7 faiz, qızdırılan tütün məhsulları üzrə hər il 30 faiz artırılması planlaşdırılır. Elektron siqaretlər üçün vergi ilk il 100 faiz, sonrakı iki ildə isə müvafiq olaraq 25 və 20 faiz artırılacaq. Qəlyan tütünü üzrə aksiz vergisi ilk il 40 faiz, sonrakı iki ildə isə hər il 30 faiz yüksələcək.

Ordu.az xəbər verir ki, Ermənistan İşəgötürənlər Respublika Birliyinin sədri, erməni iqtisadçı Qaqik Makaryan mövcud vəziyyəti şərh edib.

Onun sözlərinə görə, hökumət aksiz vergisini bir neçə səbəbdən artırıb və bu addımın məhz seçkilərdən sonra atılması təsadüfi deyil.

“Hazırda hökumətin kifayət qədər böyük xərcləri var. Mən bunu birbaşa seçkilərlə əlaqələndirmirəm, daha çox ixracatçılara verilən subsidiyalarla bağlı hesab edirəm. Əgər hökumətin nəzərdə tutduğu həcmdə məhsul ixrac edilərsə, şərabın, gələcəkdə isə quru meyvələrin, tərəvəzlərin və digər məhsulların brend kimi təşviqi üçün ciddi maliyyə vəsaiti lazım olacaq. Hökumət yeni bazarlar üçün subsidiyaların ayrılması barədə qərar qəbul edib və söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. Xərclərin bir hissəsi bununla bağlıdır”, - deyə Makaryan bildirib.

Erməni iqtisadçı hesab edir ki, seçki prosesi ilə əlaqədar sahibkarlıq fəaliyyəti də müəyyən qədər gözləmə mövqeyində olub.

“Ümumiyyətlə, Ermənistanda bütün seçkilər zamanı sahibkarlar və biznes dairələri gözləmə mövqeyi tuturlar. Bu səbəbdən onların investisiyaları və fəaliyyət həcmi müəyyən qədər azalır, nəticədə daha az vergi ödənilir”, - deyə o qeyd edib.

Makaryan digər mühüm amil kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyaları göstərib.

“Rusiyaya qarşı sanksiyalar vergi daxilolmalarına ciddi təsir göstərə bilər. Çünki nəzərdə tutulan həcmdə məhsul satmalı və vergi ödəməli olan şirkətlər əvvəlki qiymətlərlə satış həyata keçirə bilmirlər və ya ümumiyyətlə satış edə bilmirlər. Bu isə vergi gəlirlərinin azalmasına gətirib çıxarır”, - deyə erməni iqtisadçı bildirib.

Onun sözlərinə görə, hökumət bütün bu amilləri, eləcə də pensiya, sosial təminat və sığorta sistemi ilə bağlı xərcləri nəzərə alaraq büdcə yükünü aksiz vergisinin artırılması hesabına azaltmağa çalışır.

“Vergi növlərinin ilin ortasında dəyişdirilməsi çox da düzgün addım deyil. Bu, narahatlıq və etimadsızlıq yarada, investorlara mənfi təsir göstərə və narazılıqlara səbəb ola bilər.

Bunun niyə indi, seçkilərdən əvvəl deyil, məhz seçkilərdən sonra edildiyi də aydındır. Seçkilərdən əvvəl belə addımlar məqsədəuyğun hesab olunmurdu. Çünki bu bahalaşmalar ilk növbədə adi vətəndaşların xərclərinə təsir edir və hökumət seçki öncəsi onların narazılığını artırmaq istəmirdi. Əksinə, həmin dövrdə vətəndaşların rəğbətini qazanmağa yönəlmiş addımlar atılırdı”, - deyə Makaryan əlavə edib.

Erməni iqtisadçı vurğulayıb ki, siqaret istisna olmaqla digər bahalaşmalar cəmiyyətin bütün təbəqələrinə təsir göstərəcək.

“Siqaretin bahalaşması əsasən siqaret çəkənlərin cibinə təsir edir. Lakin benzin, dizel yanacağı və digər məhsulların qiymət artımı həm biznesə, həm vətəndaşlara təsir göstərəcək. Hətta nəqliyyat vasitələrinin qiymətlərində də artım müşahidə oluna bilər”, - deyə o bildirib.

Makaryanın fikrincə, aksiz vergisinin artırılmasından sonra bəzi vətəndaşlar müəyyən məhsulları əvvəlki həcmdə almaq imkanını itirəcəklər.

“Siqaret çəkənlər daha az siqaret çəkməli olacaqlar, nəqliyyat vasitələrindən daha az istifadə edəcəklər və ya ailə büdcəsindən bu istiqamətə daha çox vəsait ayırmalı olacaqlar”, - deyə erməni iqtisadçı qeyd edib.

Makaryan sonda bildirib ki, yaxın aylarda digər məhsulların da bahalaşması mümkündür.

“Hesab edirəm ki, başqa məhsullar da bahalaşa bilər. İlin ikinci yarısında inflyasiya müşahidə oluna bilər və ya mövcud inflyasiya səviyyəsi qorunub saxlanacaq. Yəni qiymət artımının azalacağını gözləmirəm”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Makaryan  


Bizi "telegram"da izləyin