Erməni deputat: “Köhnə rejimin bütün cinayətlərini qeydiyyata almaq üçün superkompüter lazım olacaq”

2026/06/1781605932.jpg
Oxunub: 225     14:27     16 İyun 2026    
Ermənistan Konstitusiyasında və qanunlarında bu qədər böyük miqyasda seçki rüşvəti paylayan müxalifətlə necə davranılmasının dəqiq göstərilmədiyini bildirən hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vahaqn Aleksanyan ölkədəki həmin qüvvələrin fəaliyyətinə qarşı hüquqi boşluğun qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 16-da parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.

Aleksanyan 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini və müxalif qüvvələrin nəticələrin etibarsız sayılması ilə bağlı tələblərini şərh edərkən bildirib ki, “Hayastan” bloku, “Çiçəklənən Ermənistan” partiyası və “Güclü Ermənistan” partiyalar blokunun seçicilərə rüşvət verməsinin miqyası Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin aşkarladığı faktların həcmi ilə açıq şəkildə üzə çıxıb.

Onun sözlərinə görə, bazar günü Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən və azsaylı iştirakçının qatıldığı müxalifət mitinqi göstərib ki, həmin siyasi qüvvələrin yarım milyon vətəndaşın real dəstəyi yoxdur. Aleksanyan iddia edib ki, baş verənlər sadəcə birdəfəlik maliyyə əməliyyatı olub, insanlar pul alıb səs veriblər, lakin müxalifətin çağırışı ilə küçə etirazlarına çıxmaq niyyətində deyillər.

“Hazırda seçki rüşvətinə görə məsuliyyətin ciddi şəkildə sərtləşdirilməsini və siyasi meydanın bu ünsürlərdən tam təmizlənməsini nəzərdə tutan mühüm qanunvericilik dəyişikliklərinin hazırlanması mərhələsindəyik”, - deyə Aleksanyan vurğulayıb.

O əlavə edib ki, “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olmuş dörd nəfər artıq seçki rüşvəti ilə bağlı işlər üzrə axtarışdadır və istintaqdan yayınıb. Aleksanyanın fikrincə, bu fakt müxalifətin fəaliyyətində cinayət xarakterli üsullardan istifadə olunduğunu göstərir.

Erməni deputat həmçinin təəccübünü ifadə edərək bildirib ki, həmin siyasi qüvvələrin seçki nəticələrinin yekunlaşdırılması prosesində ümumiyyətlə iştirakına necə icazə verildiyi aydın deyil. O qeyd edib ki, kütləvi pozuntular səbəbindən onların iştirakı daha əvvəl dayandırılmalı idi.

Aleksanyan istehzalı şəkildə bildirib ki, yeni parlamentdə müxalifət fraksiyaları supermarketi xatırladacaq və hər bir deputatın üzərində paylanmış rüşvətin məbləğinə uyğun qiymət etiketi olacaq.

Jurnalistlərin seçicilər üçün yaşayış senzi tətbiq olunması ehtimalı ilə bağlı suallarını cavablandıran Aleksanyan hakim fraksiyada Ermənistandan altı aydan artıq müddətdə kənarda qalan vətəndaşların seçki hüququndan məhrum edilməsini nəzərdə tutan layihənin müzakirə olunduğunu təsdiqləyib.

“Son seçkiqabağı kampaniya zamanı Ermənistan vətəndaşlarının səsvermənin nəticələrinə süni təsir göstərmək məqsədilə demək olar ki, zorla və ya rüşvət müqabilində xaricdən ölkəyə gətirilməsi halları qeydə alınıb. Ölkənin gələcəyini burada daimi yaşayan insanlar müəyyən etməlidirlər”, - deyə o qeyd edib.

Məhkəmə işləri və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hərəkətlərinin məhdudlaşdırılması ilə bağlı xəbərləri şərh edən erməni deputat Köçəryanın çoxdan Ermənistandan qaçmağı arzuladığını, lakin buna nail ola bilməyəcəyini bildirib.

O, Köçəryanı parlament iclaslarına gəlməyə çağıraraq onun üçün “unudulmaz sessiyalar” təşkil ediləcəyini deyib və əlavə edib ki, köhnə rejimin bütün cinayətlərini qeydiyyata almaq üçün superkompüter lazım olacaq, lakin bütün günahkarlar qanunda nəzərdə tutulan layiqli cəzanı alacaqlar.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi iyunun 14-də onun üç günlük səfərlə ölkədən ayrılacağını və səfərin şəxsi xarakter daşıdığını açıqlamışdı. Lakin Köçəryan hava limanına çatdıqdan sonra ona ölkə ərazisini tərk etməyə icazə verilməyib.

Bir neçə gün əvvəl oxşar hadisə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla da baş vermişdi. Ona da ölkədən çıxmağa icazə verilməmiş, daha sonra isə prokurorun qərarı ilə barəsində ictimai cinayət təqibinin başladıldığı məlum olmuşdu. Tsarukyan Ermənistan İstintaq Komitəsinə çağırılmış və ona ittiham irəli sürülmüşdü.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin