Cənubi Koreyanın ilk yerli istehsal KF-21 döyüş təyyarəsi uçuş təhlükəsizliyi sınaqlarını tamamlayıb

2026/06/1781615886.jpg
Oxunub: 183     17:17     16 İyun 2026    
Cənubi Koreyanın yerli istehsalı olan ilk KF-21 döyüş təyyarəsi uçuş təhlükəsizliyi sınaqlarını uğurla başa vuraraq sertifikat əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təchizat Proqramları İdarəsi məlumat yayıb.

Məlumata görə, KF-21 2021-2026-cı illər ərzində bir sıra təhlükəsizlik sınaqlarından keçib və bütün mərhələləri uğurla tamamlayıb.

Sınaqlardan sonra təyyarəyə uçuş təhlükəsizliyi sertifikatı verilib.

Açıqlamada qeyd olunub ki, platforma 14 müxtəlif qiymətləndirmə sahəsi üzrə müəyyən edilmiş 745 tələbin hamısını yerinə yetirib.

2015-ci ildə başladılan layihə çərçivəsində istehsal olunacaq təyyarələrin Cənubi Koreya Hərbi Hava Qüvvələrinin inventarındakı F-4 “Phantom II” və F-5 “Tiger II” döyüş təyyarələrini əvəz etməsi nəzərdə tutulur.

İki mərhələli istehsal planına əsasən, ilk mərhələdə 2028-ci ilə qədər “hava-hava” imkanlarına malik 40 təyyarə, ikinci mərhələdə isə 2032-ci ilə qədər “hava-yer” imkanlarına yönəlmiş 80 təyyarə istehsal ediləcək.

Yerli istehsal olan ilk KF-21 döyüş təyyarəsinin təqdimat mərasimi martın 25-də keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   KF-21  


Bizi "telegram"da izləyin