Ordu.az xəbər verir ki, bunu iyunun 16-da jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan bildirib.
Daha sonra Rubinyan bəyan edib ki, “seçki rüşvəti paylayanların hamısı həbs olunmalıdır”. O, hüquq-mühafizə orqanlarını “yalnız aşağı pillələrlə kifayətlənməməyə, ən yuxarı səviyyələrə qədər getməyə” çağırıb.
Rubinyanın sözlərinə görə, hamıya aydındır ki, “rüşvət paylayanlar səhər oyanıb özbaşına seçki rüşvəti verməyə getməyiblər”. O bildirib ki, həmin şəxslərə pul verilib və göstəriş göndərilib.
“Tamamilə aydındır ki, məsuliyyət üç partiyanın liderlərinin üzərinə düşür. Təşkil edən və istiqamətləndirən məhz onlardır. Hüquq-mühafizə orqanlarını bu sxemləri ifşa etməyə çağırıram”, - deyə Rubinyan vurğulayıb.
O əlavə edib ki, “Vətəndaş Müqaviləsi” öz legitimliyinə tam əmindir və Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətində deyil.
“Hakimiyyət legitimdir. Müxalifət məsələsini, daha doğrusu cinayətkarlar məsələsini hüquq-mühafizə orqanları həll etməlidir. Seçki rüşvəti paylayanların hamısı və bu sxemin piramidasının başında duran şəxslər məsuliyyətə cəlb olunmalıdır”, - deyə Rubinyan təkrar edib.
O, müxalifətə partiyalarını ləğv etməyi, mandatlarını götürməyi, könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmağı və seçki rüşvəti payladıqlarını etiraf etməyi tövsiyə edib.
“Beləliklə, biz növbəti beş ili yalnız qanunsuz əldə etdikləri əmlakı qorumaq və ya ümid edirəm ki, mühakimə olunacaq rəhbərliklərini müdafiə etmək üçün bura gəlmiş insanlarla keçirməyə məcbur olmayacağıq. Müxalifət mandatlarını götürərsə, şən günlər bizi gözləyir, bəzilərini səbirsizliklə gözləyirik”, - deyə Rubinyan qeyd edib.
Onun sözlərinə görə, onlar gəlməsələr, nəhayət sivil müzakirələr aparmaq mümkün olacaq.
Rubinyan hakimiyyətin müxalifətin səslərini oğurladığı barədə ittihamları qəti şəkildə rədd edib.
“Parlament çoxluğu tam legitimdir. Müxalifətin seçki rüşvəti paylamasında bizim və ya bizə səs verən vətəndaşların günahı nədir?” - deyə o bildirib.
Rubinyan media nümayəndələrinə həmçinin “Kaluqalı oliqarx” adlandırdığı Samvel Karapetyandan Kipr və Rusiya vətəndaşlıqlarından imtina edib-etməyəcəyi barədə soruşmağı tövsiyə edib.
Alpər Mövludoğlu
Ordu.az