Türkiyə müdafiə sənayesinin PUA əleyhinə sistemləri qlobal arenaya çıxır

2026/06/1781616078.jpg
Oxunub: 249     17:20     16 İyun 2026    
Türkiyənin müdafiə sənayesi şirkəti “Skydagger” tərəfindən hazırlanan Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı önləyici sistem texnologiyası dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “L3Harris Technologies”in platformasına inteqrasiya ediləcək.

Ordu.az xəbər verir ki, “Eurosatory 2026” sərgisi çərçivəsində “Skydagger” ilə “L3Harris Technologies” arasında anlaşma memorandumu imzalanıb.

Sənədi “Skydagger” şirkətinin baş direktoru Mehmet Öztəkin və “L3Harris Technologies”in vitse-prezidenti Cennifer Henli imzalayıblar.

Son dövrlərdə döyüş meydanlarında yalnız ən güclü sistemlər deyil, həm də ən sürətli uyğunlaşan və ən aşağı xərc ilə ən yüksək effekt verən texnologiyalar ön plana çıxır.

Türkiyə müdafiə sənayesinin yüksələn texnologiya şirkətlərindən biri olan “Skydagger” hazırladığı yeni nəsil PUA-lara qarşı önləyici sistem texnologiyaları ilə bu transformasiyanın aparıcı iştirakçılarından biri hesab olunur.

“L3Harris Technologies” ilə imzalanan memorandum “Skydagger” tərəfindən hazırlanmış önləyici PUA texnologiyalarının qlobal müdafiə sənayesi tərəfindən strateji həll kimi qiymətləndirildiyini göstərən mühüm göstərici olub.

Bu çərçivədə “Skydagger”in hazırladığı texnologiyanın “L3Harris”in müxtəlif ölkələrdə aktiv istifadə olunan və özünü döyüş şəraitində doğrultmuş VAMPIRE “C-UxS” platformasına inteqrasiya edilməsi planlaşdırılır.

Bu əməkdaşlıq Türkiyə mühəndisliyi ilə hazırlanmış bir önləyici texnologiyanın qlobal miqyasda daha geniş istifadə imkanları əldə etməsinə şərait yaradacaq.

“Skydagger”in baş direktoru Mehmet Öztəkin əməkdaşlığı şərh edərək bildirib ki, bir ideyanın məhsula, məhsulun əməliyyat sahəsinə, oradakı uğurun isə beynəlxalq əməkdaşlığa çevrilməsi şirkət üçün böyük qürur mənbəyidir.

“L3Harris” ilə imzaladığımız memorandum yalnız texnologiyalarımıza olan etimadı deyil, həm də Türkiyə mühəndisliyinin çatdığı səviyyəni nümayiş etdirir. Hesab edirik ki, bu əməkdaşlıq ölkəmizdə hazırlanmış texnologiyaların dünya üzrə daha çox istifadəçiyə çatmasına töhfə verəcək”, - deyə Öztəkin vurğulayıb.

Qeyd olunub ki, “Skydagger” fəaliyyətə başladığı vaxtdan bu günə qədər 20-dən çox ölkəyə 45 mindən artıq PUA ixrac edib. Şirkət hazırda yalnız istehsalçı deyil, eyni zamanda Türkiyənin texnologiya ixracı sahəsində diqqət çəkən uğur hekayələrindən biri hesab olunur.

“Skydagger” müxtəlif tipli PUA-lar, önləyici sistemlər və sabitqanadlı platformalardan ibarət məhsul ailəsi ilə dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən istifadəçilərin ehtiyaclarını qarşılayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   Skydagger  


Bizi "telegram"da izləyin