Erməni general: “ABŞ xüsusi xidmət orqanları Paşinyanı hələ 1996-cı ildən agent kimi xarakterizə edib”

2026/06/1781508918.jpg
Oxunub: 223     15:34     16 İyun 2026    
“Xalq obyektiv olaraq Nikol Paşinyanı seçməyib, lakin heç vaxt təsəvvür etmək olmazdı ki, Nikol Paşinyan seçkilərdə məğlub olmasına imkan verərdi”.

Ordu.az xəbər verir ki, bunu erməni ədliyyə general-mayoru Tatul Petrosyan parlament seçkilərinin ilkin nəticələrini və ümumi seçki prosesini şərh edərkən deyib.

Petrosyanın sözlərinə görə, “Paşinyan və onun dəstəsi” seçkilərə hazırlığa çoxdan başlayıb və rəsmi təşviqat dövründən əvvəl “şən avtobus” kampaniyası ilə faktiki olaraq seçki təbliğatı aparıb.

Erməni general qeyd edib ki, həmin dövrdə xeyriyyəçilik adı altında ciddi qanun pozuntuları qeydə alınıb.

“Parlament seçkiləri zamanı artıq açıq görünürdü ki, onlar psixoloji sarsıntı içindədirlər və bu da gələcəklə bağlı qorxularını göstərirdi. Onlar çox yaxşı anlayırdılar ki, düşündükləri qədər xalq dəstəyinə malik deyillər. Bu “şən avtobus” turu göstərdi ki, xalq onları sadəcə saymır yox, həm də nifrət edir. Nikol Paşinyanın həlak olmuş zabitə qarşı davranışı, onun aqressiyası, yaxud metroda Merujan Mosiyanın qızı olan Qarabağdan (könüllü-red.) köç etmiş qadın və onun azyaşlı övladı ilə bağlı hadisə bunu göstərirdi”, - deyə Petrosyan bildirib.

O qeyd edib ki, bu cür davranış müqəddəs dəyərləri olmayan insanın davranışıdır və hakimiyyət bu üslubla seçkilərə gedib.

“Seçkilərdən əvvəl və seçki dövründə dəfələrlə demişdik ki, xalqın bu hakimiyyətin seçkilərdə öz məğlubiyyətinə imkan verəcəyinə dair gözləntisi olmamalıdır. Obyektiv olaraq xalq Nikolun əleyhinədir, obyektiv olaraq nə Nikol Paşinyanı, nə də “Vətəndaş Müqaviləsi” partiyasını seçib. Lakin biz onların hansı saxtakarlıqlara və manipulyasiyalara əl atdığını bilirik”, - deyə general vurğulayıb.

Erməni ədliyyə generalı seçki nəticələrinə görə ruhdan düşməməyə çağırıb və bildirib ki, hər kəs anlayırdı ki, Nikol Paşinyan və komandası üçün hakimiyyətin itirilməsi həyat və ölüm məsələsi idi.

Parlamentə düşən müxalif qüvvələrin mandatları götürüb-götürməməsi məsələsinə toxunan Petrosyan qeyd edib ki, hələlik “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşmədiyi tam aydın deyil.

Onun sözlərinə görə, əgər partiya seçki baryerini keçərsə, vəziyyət tamamilə başqa müstəviyə keçəcək.

“Alçaqlıq onların həyat tərzidir. Baxın görün, hansı demoqogiyaya əl atırlar və xalqın gözünə kül üfürmək üçün hansı yeni üsullar tapıblar. İlk növbədə qeyd etmək lazımdır ki, müxalifət Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin iki seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etməyib.

Onlar səslərin hesablanması zamanı iki məntəqədə səslərinin oğurlandığını aşkar ediblər və həmin səslərin nəzərə alınmasını istəyiblər. Məntəqələrdə səsvermənin etibarsız sayılmasını yox. Əgər həmin səslər nəzərə alınsaydı, “Çiçəklənən Ermənistan” Partiyası 4 faizlik baryeri keçəcəkdi”, - deyə Petrosyan bildirib.

O, həmçinin növbəti çağırış parlamentdə müxalifət fraksiyalarında təmsil olunacaq deputatların prinsipiallığı və davamlılığı ilə bağlı narahatlığını ifadə edib.

“Bəzi deputatların sabah Nikol Paşinyanın tərəfinə keçə biləcəyindən ehtiyat edirəm. Söhbət Paşinyanın tərəfdarlarının müxalifətə keçməsindən yox, əks prosesdən gedir”, - deyə o bildirib.

Petrosyan hesab edir ki, mandatları qəbul etmək düzgün addımdır, lakin bu, küçə mübarizəsi ilə paralel aparılmalıdır.

“Hər halda düşünürəm ki, mandatları götürmək lazımdır. Amma bunu küçə mübarizəsi ilə birlikdə, parlamentdənkənar müxalif qüvvələrlə daimi əlaqə saxlayaraq etmək lazımdır. Özündənrazılığa yol vermək olmaz. Özünə vurğunluq bütöv bir xalqı təhlükə altına qoyur.

Hazırda xalq arasında məyusluq var. Bir çoxları düşünür ki, seçki gecəsi insanlar meydanda toplaşmalı idi. Çoxları eyni sualı verir. Bu baş vermədi. Əgər alovu tədricən alovlandırmırsansa, o, tez sönür”, - deyə erməni general qeyd edib.

Paşinyanın Azərbaycanın tələbləri əsasında yeni ərazi və digər güzəştlərə gedə biləcəyi ilə bağlı narahatlıqlara toxunan Petrosyan bildirib ki, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün hər addıma gedəcək.

“Bu yaxınlarda Nikol Paşinyanın hələ 1996-cı ildən agent olması ilə bağlı məlumatlar yayımlandı. Səhv etmirəmsə, bunu Arşak Karapetyan açıqlamışdı. Hələ 1996-cı ildə xüsusi xidmət orqanları onu belə xarakterizə ediblər ki, hər məqaləyə görə 300-500 dollar ala bilər və şəxsiyyət kimi “şöhrətpərəst, prinsipsiz, tamahkar insan” kimi qiymətləndirilib.

Bu, 1996-cı ildə ABŞ xüsusi xidmət orqanlarının verdiyi xarakteristikadır. Bu qiymətləndirməni mən vermirəm. İndi isə siz Nikol Paşinyanın guya Azərbaycanın istəklərini yerinə yetirməklə çıxılmaz vəziyyətə düşdüyünü deməyə çalışırsınız. Xeyr, o, heç bir çıxılmaz vəziyyətdə deyil”, - deyə Tatul Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Petrosyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin