Britaniyanın Baş nazirinin evinə qarşı yandırma hücumlarının arxasında Rusiya təxribat şəbəkəsi dayanıb?

2026/06/cvbcv-1781602615.jpg
Oxunub: 159     13:34     16 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmerin evinə və onunla əlaqəli digər obyektlərə qarşı həyata keçirilən bir sıra yandırma hücumlarının arxasında internet üzərindən fəaliyyət göstərən Rusiya təxribat şəbəkəsinin dayandığı müəyyən edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bazar ertəsi Londonda yaşayan 22 yaşlı ukraynalı inşaat işçisi Roman Lavrinoviç bu yandırma hücumlarını törətməkdə təqsirli bilinib. Qərar Old Bailey məhkəməsində altı həftə davam edən məhkəmə prosesindən sonra elan olunub.

Kir Starmer daha əvvəl bu hücumları “demokratiyaya qarşı hücum” adlandırmışdı. Prokurorluq Lavrinoviçin kuratorunun kimliyini açıqlamayıb. Yalnız onun “Telegram”da El Money ləqəbindən istifadə etdiyi və rus, həmçinin ukrayna dillərində ünsiyyət qurduğu bildirilib.

“Financial Times”ın “Telegram” arxivləri, kriptovalyuta cüzdanları, məhkəmə sənədləri və Qərb rəsmiləri ilə müsahibələr əsasında apardığı araşdırma göstərib ki, El Money Rusiyada yerləşib və Kremlə yaxın “NoName057(16)” haker qrupu ilə sıx əlaqələrə malik olub.

ABŞ-də bu qrup Rusiyanın “dövlət tərəfindən dəstəklənən layihəsi” kimi xarakterizə olunur.

Nəşrin məlumatına görə, NoName və digər rusiyapərəst kiberruplar Kremlin geosiyasi maraqlarını irəli aparmaq məqsədilə internet üzərindən fəal şəkildə icraçılar cəlb ediblər.

Onların fəaliyyət istiqamətlərindən biri də ifrat sağçı və anti-miqrant məzmun yaymaqla Avropa ölkələrində sosial gərginliyi artırmaq olub.

Jurnalistlər müəyyən ediblər ki, yandırma hücumlarını təşkil edən həmin kurator Böyük Britaniyada insanları məscidlərin və Londonun digər məkanlarının divarlarına islam əleyhinə şüarlar yazmağa da cəlb edib.

Bu isə Rusiya strukturlarının Britaniya cəmiyyətində sosial və etnik gərginliyi artırmağa çalışdığını göstərir. Eyni zamanda “NoName” qrupunun Rusiya hakimiyyəti ilə birbaşa koordinasiya səviyyəsi hələ də tam aydın deyil.

ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi bildirir ki, “NoName” və onunla əlaqəli alətlər Kremlin yaratdığı İT təşkilatlarından birinin “gizli layihəsi” kimi formalaşdırılıb.

Amerikalı mütəxəssislərin fikrincə, “NoName” şəbəkəsinin bəzi üzvləri dövlətlə birbaşa əlaqəsi olmayan, sadəcə Moskvanın siyasətini dəstəkləyən şəxslərdir. Digərləri isə birbaşa və ya dolayı dəstək vasitəsilə Rusiya hökuməti ilə əlaqəli ola bilərlər.

“Financial Times”ın əldə etdiyi məlumatlara görə, El Money Lavrinoviçi 2024-cü ilin sonlarında “Telegram” vasitəsilə cəlb edib. Həmin dövrdə ukraynalı Londonda müvəqqəti iş axtarır və rus, həmçinin ukrayna dilli Telegram qruplarında elanlar paylaşırdı.

2024-cü ilin avqustundan 2025-ci ilin mayına qədər o, yüzdən çox belə elan yerləşdirib.

Britaniya polisinin Lavrinoviçin telefonundan əldə etdiyi məlumatlara əsasən, El Money əvvəlcə ona “Direct Action” adlı təşkilatın reklam posterlərini gecə saatlarında Londonun müxtəlif yerlərində çap edib yaymaq üçün pul ödəyib.

Bu şəbəkə Rusiyada yerləşən şəxslər tərəfindən idarə olunub. Onlar yerləşdikləri məkanı və şəxsiyyətlərini gizlətmək üçün VPN xidmətlərindən istifadə ediblər. Şəbəkə ifrat sağçı məzmun, videolar və digər materiallar hazırlamaq üçün süni zəka alətlərindən də fəal şəkildə yararlanıb.

Məhz El Money təxribat fəaliyyətlərini maliyyələşdirib və ödənişləri Rusiya kriptovalyuta birjaları vasitəsilə həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Starmer   Rusiya  


Bizi "telegram"da izləyin