Ordu.az xəbər verir ki, bunu iyunun 16-da jurnalistlərlə söhbəti zamanı parlament sədrinin müavini, Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
Ermənistan-Türkiyə münasibətləri ilə bağlı sualı cavablandıran Rubinyan qeyd edib ki, son dövrlərdə mühüm hadisələr baş verib. Onun sözlərinə görə, birbaşa ticarət əlaqələri qurulub və Ermənistan tərəfi Axalkalaki-Qars dəmir yolundan istifadə imkanı əldə edib.
Rubinyan bildirib ki, altı ay əvvəl Ermənistan dəmir yolu baxımından dalan vəziyyətində idi və məhsullarını ən uzağı Potiyə qədər ixrac edə bilirdi.
“Hazırda isə Azərbaycan ərazisindən keçən yolun açılması ilə yükləri həm Avropaya, həm də Suriyaya daşımaq imkanı yaranıb”, - deyə o qeyd edib.
Rubinyan, həmçinin Gümrü-Qars yolunun bərpası üzrə komissiyanın yaradıldığını xatırladıb.
“Dəmir yolunun tezliklə istifadəyə verilməsini, eləcə də əldə edilmiş bütün razılaşmaların yerinə yetirilməsini gözləyirik”, - deyə Rubinyan vurğulayıb.
Türkiyənin üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması ilə bağlı razılaşmanı niyə yerinə yetirmədiyi sualına cavab olaraq isə Rubinyan bunun səbəbini bilmədiyini, lakin həmin razılaşmanın həyata keçiriləcəyinə ümid etdiyini və qeyd olunan addımların buna töhfə verəcəyini söyləyib.
Alpər Mövludoğlu
Ordu.az