Minskdə Gizli Danışıqlar: Lavrov Lukaşenkonu İkinci Cəbhəyə Razı Sala Bildimi?

2026/06/1781538754.jpg
Oxunub: 238     20:06     15 İyun 2026    
Rusiya hakimiyyəti artıq ikinci dəfədir ki, Sankt-Peterburq və Kronştadtda Baş Hərbi Dəniz Paradının keçirilməsindən imtina edib. Bu barədə “Deutsche Welle”nin rus xidməti Sankt-Peterburqda fəaliyyət göstərən “Fontanka” nəşrinə istinadən yazıb. Nəşr isə öz növbəsində Rusiya Müdafiə Nazirliyindəki “məlumatlı mənbələrdən əldə olunmuş məlumata” istinad edib. Həmin rəsmi mərasim Rusiya Prezidenti Vladimir Putinin 2017-ci ildə imzaladığı fərmanla təsis olunub və hər il iyulun 15-də, Rusiya Hərbi Dəniz Qüvvələri Günündə keçirilirdi.

Müdafiə Nazirliyindən “Fontanka”ya bildiriblər: “Rusiya prezidenti Baş Hərbi Dəniz Paradının keçirilməsi haqqında fərman imzalamayıb, donanmada hazırlıq işləri aparılmır, özünüz də başa düşürsünüz ki, bunun zamanı deyil”.

İyunun 15-nə keçən gecə Kiyev və Ukraynanın bir neçə digər şəhəri Rusiya tərəfindən genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumuna məruz qalıb. Ukrayna Prezidenti Volodimir Zelenski buna layiqli cavab veriləcəyini vəd edib. Bir gün əvvəl ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Uşakov TASS agentliyinə bildirib ki, Donald Tramp Ukrayna və Avropa ölkələrinə “təsir göstərməyə hazır olduğunu” ifadə edib. Uşakovun sözlərinə görə, Putin bir daha vurğulayıb ki, Ukraynanın Rusiyanın “mülki obyektlərinə qarşı terror hücumları Kiyev rejiminə heç nə qazandırmayacaq”.

Bu kontekstdə diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya Prezidenti Putin və ya heç olmasa Xarici İşlər Nazirliyi hələ də ABŞ ilə İran arasında “müharibənin dayandırılması barədə” əldə olunmuş razılaşmaya münasibət bildirməyib. Bunun əvəzinə bəyanatla Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin çıxış edib. Onun qiymətləndirməsinə görə, ilkin razılaşmaya baxmayaraq, Yaxın Şərqdə sülh prosesi “son dərəcə kövrəkdir”.

Həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Danışıqlardan sonra o, Qərbdə formalaşmış “Rusiyanın Ukrayna müharibəsində uduzduğu” barədə təsəvvürləri “zahiri” adlandırıb. Lavrov ümid etdiyini bildirib ki, ABŞ prezidentinin nümayəndələri Uitkoff və Kuşner Moskvaya səfərləri zamanı “Vaşinqtonun Ukrayna ilə bağlı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi istiqamətində planlarını təqdim edəcəklər”.

Belarus Prezidenti Lukaşenko isə öz növbəsində jurnalistlərə bildirib ki, “yaxın günlərdə” Rusiya Prezidenti Putinlə görüşməyə hazırlaşır. İyunun 13-də Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Belarus ərazisində yerləşdirilmiş nüvə silahı “KTMT-nin qərb sərhədlərinin təhlükəsizliyini təmin edir”. Bundan əvvəl Ukrayna Prezidenti Zelenski bildirmişdi ki, Rusiya “şimal istiqamətində ikinci cəbhə açmağa hazırlaşır”. Ehtimal etmək olarmı ki, Lavrov Minskə Lukaşenko ilə Belarus ərazisindən Ukraynaya qarşı hərbi əməliyyatların başlanması məsələsini müzakirə etmək üçün göndərilib, lakin “müqavimətlə qarşılaşıb” və Belarus prezidenti öz “etirazlarını” şəxsən Putinə təqdim etməyə hazırlaşır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Lukaşenko   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin