Erməni ekspert: “TRIPP ərazisini boşaldın deyirlər, amma hansı ərazi olduğunu demirlər”

2026/06/1781508761.jpg
Oxunub: 247     14:58     16 İyun 2026    
“ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərinin əsas məqsədi Nikol Paşinyana dəstək vermək idi. Əvvəl paraflanan, daha sonra imzalanan sənəd Ermənistan və ABŞ arasında bağlanmış üçüncü razılaşmadır. Bu sənəd bir daha TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin hansı şərtlərlə həyata keçirilə biləcəyini xatırladır. Lakin bu günə qədər həmin şərtlərin heç biri yerinə yetirilməyib və layihə qeyri-müəyyən vəziyyətdə qalır”.

Ordu.az xəbər verir ki, bunu Fransanın “Paris-Panthéon-Assas” Universitetinin beynəlxalq hüquq doktoru, vəkil, Beynəlxalq İnsan Hüquqları Federasiyasının keçmiş baş katibi, Fransa ermənisi Rafi-Filip Kalfayan TRIPP layihəsinin perspektivləri ilə bağlı danışarkən deyib.

Beynəlxalq hüquq üzrə erməni mütəxəssis qeyd edib ki, layihədə nə İranın, nə də Rusiyanın iştirakı var.

“Belə olan halda geriyə Azərbaycan və Türkiyə qalır”, - deyə o bildirib.

TRIPP layihəsinin coğrafiyasının və hansı ərazini əhatə etdiyinə dair suala cavab verən Kalfayan bunun hələ də dəqiq müəyyənləşdirilmədiyini vurğulayıb.

“Deyirlər ki, həmin ərazini bizə verməlisiniz, amma hansı ərazi olduğunu demirlər. Üstəlik bildirirlər ki, Ermənistan bu ərazini heç bir maneə olmadan təhvil verməlidir. Bununla demək istəyirlər ki, heç bir şəxs və ya şirkət həmin əraziyə iddia irəli sürə bilməz. Ərazi boşaldılmalı, sakinlərə kompensasiya ödənilməli və onlar oradan çıxarılmalıdır. Bu qaranlıq iş Ermənistanın üzərində qalacaq. Hətta bunun üçün pul da verməyəcəklər”, - deyə Kalfayan qeyd edib.

O qeyd edib ki, əgər TRIPP ABŞ qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcəksə, bu halda Ermənistanın suverenliyindən danışmaq çətin olacaq.

“TRIPP sazişi Ermənistan Konstitusiyasından üstün ola bilməz. Bu sənəd beynəlxalq müqavilə deyil və yalnız o halda beynəlxalq müqaviləyə çevrilə bilərdi ki, “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə konstitusion çoxluğu, üçdə iki səs üstünlüyü olaydı. Belə bir üstünlük isə yoxdur. Buna görə də TRIPP beynəlxalq müqaviləyə çevrilə bilməz. Məhz buna görə seçki gecəsi Nikol Paşinyanın və “Vətəndaş Müqaviləsi” nümayəndələrinin üzündə təbəssüm yox idi”, - deyə Rafi-Filip Kalfayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalfayan   TRIPP   Ermənistan  


Bizi "telegram"da izləyin