Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının İcraedici Orqanının üzvü Artak Zakaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın coğrafi mövqeyi ABŞ, Rusiya, İran, Türkiyə, Avropa və getdikcə daha fəal rol oynayan Çinin maraqlarının kəsişdiyi nadir nöqtələrdən biridir.
“ABŞ-də bilirlər ki, görünən gələcəkdə Ermənistanın Avropa İttifaqına üzvlüyü ehtimalı yoxdur. Ermənistan coğrafi baxımdan Avropa İttifaqından təcrid olunub, regional problemlərlə üzləşir və obyektiv olaraq Rusiya ilə bağlılığını qoruyub saxlayır.
Lakin Avropa İttifaqına yaxınlaşma mövzusu qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, Rusiyanın təsirinin azaldılması, Qərbin təsirinin genişləndirilməsi, eləcə də investisiya və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün əlverişli siyasi çərçivə yaradır”, - deyə o bildirib.
Zakaryan qeyd edib ki, başqa sözlə, Ermənistanın Avropa İttifaqına üzvlüyü real deyil, lakin ölkənin tədricən Qərbin, xüsusilə də Türkiyənin təsir zonasına keçməsi real görünür.
“Ukrayna müharibəsindən sonra ABŞ-nin strategiyası Moskvanın ənənəvi olaraq öz maraq dairəsi hesab etdiyi ərazilərdə Rusiyanın təsirinin azaldılmasına yönəlib.
Tarixən Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən biri olub. ABŞ baxımından Ermənistan tədricən Moskvadan uzaqlaşmağa başlayırsa, bu, dünyada Rusiyanın təsirinin zəifləməsinin növbəti göstəricisi kimi qəbul edilir. Hesab edirəm ki, bu mərhələdə Qərb üçün həmin amil Ermənistanın təhlükəsizliyindən və ya Avropa gələcəyindən daha vacibdir”, - deyə erməni siyasətçi vurğulayıb.
O bildirib ki, Ermənistan İranın azsaylı dost qonşularından biri olaraq qalır və Vaşinqton İranın şimal sərhədləri yaxınlığında Qərbin mövcudluğunu gücləndirməkdə maraqlıdır.
“ABŞ-yə nəqliyyat, enerji və digər kommunikasiyalar, faydalı qazıntılar, eləcə də Cənubi Qafqazda İranın mümkün təsirinin məhdudlaşdırılması lazımdır. Bu isə o deməkdir ki, uzunmüddətli strateji planlaşdırma baxımından ticarət marşrutları, regional kommunikasiyalar və enerji daşıyıcıları uğrunda mübarizədə İranın şimal sərhədində Ermənistan simasında tərəfdaş dövlətin mövcudluğu ABŞ üçün müəyyən əhəmiyyət daşıyır”, - deyə Zakaryan qeyd edib.
Erməni siyasətçinin sözlərinə görə, Cənubi Qafqaz Avropa, Mərkəzi Asiya, Xəzər regionu və Çini birləşdirən strateji qovşaqda yerləşir.
“ABŞ ehtiyat edir ki, regionda fəal iştirak etməzsə, gələcək infrastruktur, telekommunikasiya, logistika və enerji layihələri tamamilə Çin və Rusiyanın nəzarətinə keçə bilər.
Son seçkilərdə Qərb niyə hakim rejimi bu qədər açıq şəkildə dəstəklədi? Çünki onlar həmin seçkiləri özləri üçün strateji əhəmiyyətli məsələ hesab edirlər. Bu, Nikol Paşinyanın tanınmış demokrat və ya etibarlı qərbyönlü siyasətçi olması ilə bağlı deyil. Məsələ ondadır ki, o, nəticələrini düşünmədən dövləti yeni dünya nizamının formalaşdırılması üzrə eksperimentlərin obyektinə çevirməyə hazırdır”, - deyə o bildirib.
Zakaryan əlavə edib ki, Qərbin nöqteyi-nəzərindən Ermənistanın hazırkı perspektivsiz, kapitulyasiya etmiş və asılı hökuməti, qarşılıqlı maraqlara malik bütün müttəfiq və tərəfdaş ölkələrlə balanslaşdırılmış münasibətləri bərpa etməyə çalışan hökumətdən daha məqbul və rahat görünür.
Alpər Mövludoğlu
Ordu.az