Türkiyə zirehli texnikalarının Avropa bazarına çıxışını təmin edəcək tərəfdaşlıq üzrə razılıq əldə olunub

2026/06/1781615816.jpg
Oxunub: 286     17:13     16 İyun 2026    
Türkiyə müdafiə sənayesində istehsal olunan zirehli quru platformalarının Avropa bazarına çıxışını təmin edəcək yeni birgə müəssisə yaradılır.

Ordu.az xəbər verir ki, FNSS Parisdə keçirilən “Eurosatory 2026” sərgisi çərçivəsində Slovakiyanın CSG qrupu ilə birgə müəssisənin yaradılmasına dair çərçivə sazişi imzalayıb.

Bu əməkdaşlığın ilk məhsulu kimi 2026-cı ilin may ayında Slovakiyada keçirilən IDEB 2026 sərgisində təqdim olunan CFL-120 KARPAT tankı ilə Avropa bazarına daxil olmaq planlaşdırılır.

KARPAT FNSS tərəfindən istehsal edilərək İndoneziya ordusuna təhvil verilmiş KAPLAN MT platformasına “Leonardo” şirkətinin 120 mm çaplı qülləsinin inteqrasiyası nəticəsində yaradılıb.

Orta sinfə məxsus bu zirehli platforma yüksək atəş gücünə malik olmaqla yanaşı, müasir döyüş tələblərinə cavab verən davamlılıq, hərəkətlilik və atəş imkanlarını bir sistemdə birləşdirir. CSG ilə yaradılan birgə müəssisə vasitəsilə FNSS-nin qlobal oyunçu statusunun Avropaya daşınması və Qərb ölkələrinə ixracın artırılması hədəflənir.

CFL-120 KARPAT bu əməkdaşlığın ilk nümunəsi olacaq. Gələcəkdə FNSS-nin digər platforma və texnologiyalarının da Avropa bazarında yer alması nəzərdə tutulur.

FNSS-nin baş direktoru və İdarə Heyətinin üzvü Selim Baybaş bildirib ki, “Eurosatory 2026” şirkət üçün adi sərgidən daha böyük əhəmiyyət daşıyır.

“Avropanın mühüm müdafiə sənayesi qruplarından biri ilə güclərimizi birləşdirdik. Avropadakı proqramlarda birlikdə iştirak edəcəyik. Yeni tərəfdaşımızın stendində böyük əhəmiyyət verdiyimiz orta sinfə məxsus KARPAT-120 tank platformasını nümayiş etdirdik. Platforma böyük maraqla qarşılandı. Ümid edirik ki, gələcəkdə onu NATO üzvü olan Avropa ölkələrinin silahlanmasına daxil edə biləcəyik”, - deyə Baybaş vurğulayıb.

O qeyd edib ki, Avropa müdafiə sənayesində həm istehsal gücü, həm də texnologiya sahəsində müəyyən boşluqlar mövcuddur.

Baybaşın sözlərinə görə, uzun illər sülh şəraitində yaşayan Avropa ölkələri müdafiə sənayesi sahəsində Türkiyənin qazandığı təcrübədən faydalana bilər.

Şirkət rəhbəri bildirib ki, əməkdaşlıq sayəsində FNSS artıq Avropada tələb olunan lokallaşdırma və istehsal şərtlərinə uyğun proqramlarda iştirak etmək imkanına malikdir.

“Türkiyə Silahlı Qüvvələrinin illərdir istifadə etdiyi və NATO təlimlərində uğurla özünü doğrultmuş platformaların Avropada istehsalını və Avropa ordularının inventarına daxil edilməsini istəyirik. Təcrübəmizdən, mühəndislik imkanlarımızdan və texnoloji üstünlüklərimizdən faydalanmalarını arzulayırıq”, - deyə Baybaş bildirib.

O vurğulayıb ki, FNSS-nin bütün layihələndirmə, AR-GE və lisenziya hüquqları şirkətdə qalacaq.

“Texnologiya bizdən, istehsalın bir hissəsi isə Avropadan olacaq. Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin icazəsi ilə lisenziyası bizə məxsus platformaların müəyyən hissəsini Avropadakı proqramlar üçün istehsal etməyi planlaşdırırıq”, - deyə Baybaş qeyd edib.

Şirkət rəhbəri KAPLAN MT platformasının Avropanın yeni ehtiyaclarına cavab verdiyini də vurğulayıb.

Onun sözlərinə görə, Avropada daha kiçik, yüksək hərəkət qabiliyyətli və faydalı yük daşıma imkanlarına malik platformalara üstünlük verilir.

120 mm çaplı topla təchiz olunan KAPLAN MT daha iri platformaların yerinə yetirdiyi vəzifələri icra edə bilir, eyni zamanda çəkisi və hərəkətliliyi sayəsində logistika baxımından üstünlüklər təqdim edir.

Baybaş əməkdaşlığın həm şirkət, həm də Türkiyə müdafiə sənayesi üçün mühüm ixrac imkanları yaradacağına ümid etdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Avropa   FNSS  


Bizi "telegram"da izləyin