Ordu.az xəbər verir ki, bunu iyunun 16-da jurnalistlərlə görüşü zamanı Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib.
Jurnalistlər erməni Mərkəzi Bank rəhbərinə Rusiya qazının qiymətinin əhəmiyyətli dərəcədə artması ehtimalı və bunun nəticələrinin yumşaldılması siyasəti ilə bağlı sual ünvanlayıblar.
Xüsusilə, belə vəziyyətdə tənzimləyici qurumun hansı addımları atmağı planlaşdırdığı və bunun ölkə iqtisadiyyatına necə təsir göstərəcəyi soruşulub.
“Mərkəzi proqnozlarımızda qazın qiyməti uzunmüddətli perspektivdə sabit qəbul edilir. Belə inkişaf ssenarisi fövqəladə və aşağı ehtimallı hesab olunduğundan, bu kimi risk ssenarilərini yalnız ortaya çıxdıqdan sonra qiymətləndiririk və real təsirləri zərurət yarandıqda təhlil edirik”, - deyə Qalstyan izah edib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın diqqət mərkəzində daha çox qlobal geosiyasi qeyri-müəyyənliklər, xüsusilə də Yaxın Şərqdəki hadisələr və İran ətrafında baş verən proseslər dayanır.
Qalstyan qeyd edib ki, həmin proseslər enerji daşıyıcılarının beynəlxalq qiymətlərinə ciddi təsir göstərir.
“Bizi daha çox tərəfdaş ölkələrin iqtisadi vəziyyəti və beynəlxalq münasibətlərdəki qeyri-sabitlik narahat edir. Məsələn, regional münaqişə yeni başlayanda neftin dünya bazarındakı qiyməti 60-65 dollar səviyyəsində idi. Hazırda isə 80-82 dollar arasında dəyişir ki, bu da təxminən 30-35 faiz artım deməkdir. Qiymətlərin nə qədər müddət bu yüksək səviyyədə qalacağını və daxili istehlaka necə təsir göstərəcəyini zaman göstərəcək”, - deyə o vurğulayıb.
Ermənistan Mərkəzi Bankının rəhbəri əlavə edib ki, ABŞ ilə İran arasında müəyyən yumşalma müşahidə olunsa və sülh razılaşmaları əldə edilsə belə, enerji daşıyıcılarının qiymətləri uzun müddət mövcud yüksək səviyyədə qala bilər.
“Bu şəraitdə Mərkəzi Bankın Şurası ikitərəfli riskləri tarazlaşdırmağa çalışır. Bir tərəfdən beynəlxalq yüksək faiz dərəcələri və xarici inflyasiya təzyiqləri mövcuddur, digər tərəfdən isə daxili bazarda tələb və təkliflə bağlı mümkün dəyişikliklər var. Məqsədimiz orta müddətli perspektivdə ölkədə qiymət sabitliyini təmin etməkdir”, - deyə Martin Qalstyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az