Avropanın “sadiq qanad yoldaşı” həmləsi: “Ravenstorm” qlobal pilotsuz aviasiya yarışında güclər balansını necə dəyişəcək?

2026/06/vbcvb-1781590176.jpg
Oxunub: 248     10:17     16 İyun 2026    
Avropanın aparıcı aerokosmik şirkəti olan “Airbus” bu yaxınlarda “ILA Berlin 2026” aviasiya sərgisində yeni U760 “Ravenstorm” Pilotsuz Birgə Döyüş Təyyarəsini (UCCA) təqdim edib. Şirkətin planına görə, 2030-cu illərin əvvəllərində silahlanmaya qəbul ediləcək bu yeni Pilotsuz Uçuş Aparatı (PUA) “hava-hava” döyüşləri, “hava-yer” zərbələri və radioelektron mübarizə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Bu platforma Avropanın “sadiq qanad yoldaşı” tipli PUA-ların hazırlanması üzrə qlobal yarışa qoşulmaq istiqamətində atdığı son addımdır. Belə PUA-lar pilotlu döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərmək və onların imkanlarını artırmaq məqsədilə hazırlanır. “Ravenstorm” göstərir ki, Avropa ABŞ, Çin və Avstraliya ilə eyni istiqamətdə irəliləyir, gələcəyin döyüş aviasiyasında qırıcı təyyarələr avtonom PUA-larla birlikdə fəaliyyət göstərəcək.

“Airbus”ın “Ravenstorm” PUA-sı haqqında

İstismara qəbul edildiyi il: Hələ qəbul edilməyib (prototip mərhələsindədir), təxminən 2035-ci ildə xidmətə qəbul olunacağı gözlənilir
İstehsal olunan sayı: Məlum deyil (az sayda)
Uzunluğu: 13 metr
Qanad açılımı: 10 metr
Maksimum uçuş çəkisi: Təxminən 6 ton
Mühərrik: Bir ədəd reaktiv mühərrik, tipi məlum deyil
Maksimum sürət: Məlum deyil, ehtimal ki, yüksək subsonik sürət
Mənzil: Məlum deyil
Praktiki tavan: Məlum deyil
Yükdaşıma qabiliyyəti: 500 kiloqram faydalı yük; bomba, raket və elektron sistemlər daşıya bilər
Ekipaj: 0 (pilotsuzdur; süni zəka insan pilot tərəfindən idarə olunan qırıcı ilə koordinasiya şəraitində fəaliyyət göstərir)


Xarici görünüş baxımından “Ravenstorm” XQ-58 “Valkyrie”, YFQ-42 “Dark Merlin”, YFQ-44 “Fury” və YFQ-48 “Talon Blue” kimi digər birgə döyüş təyyarələrinə çox bənzəyir. Onun yuxarı hissədə yerləşdirilmiş hava girişi, stels texnologiyasından ilhamlanan konstruksiyası və kompakt gövdəsi var.

“Airbus” şirkəti “Ravenstorm”u Berlin aviasiya sərgisində iki ədəd “Meteor” uzaqmənzilli “hava-hava” raketi ilə birlikdə nümayiş etdirib ki, bu da onların uyğunluğuna işarə edir. Lakin bu silahların stels bölmələrində daxildə, yoxsa xarici asqılarda daşınacağı hələ məlum deyil.

“Airbus”ın məlumatına görə, “Ravenstorm” uzaqmənzilli raketlərlə təchiz edilərək “hava-hava” missiyalarını yerinə yetirəcək və raket daşıma qabiliyyətini artırmaqla pilotlu təyyarələrin müdafiəsinə kömək edəcək.

“Ravenstorm” həmçinin dəqiq zərbə endirmə, düşmən hədəflərinin məhv edilməsi, radioelektron mübarizə əməliyyatları, radarların korlanması, rabitə sistemlərinin pozulması və düşmənin hava hücumundan müdafiə sistemlərinin zəiflədilməsi üzrə tapşırıqları icra edəcək.

Müharibə üsullarının dəyişməsi və elektromaqnit spektrində üstünlüyün getdikcə daha böyük əhəmiyyət qazanması fonunda “Ravenstorm”un radioelektron mübarizə missiyaları gələcəkdə onun “hava-hava” və ya “hava-yer” imkanları qədər vacib ola bilər. Hazırda Almaniya iki fərqli “sadiq qanad yoldaşı” PUA proqramı həyata keçirir.

Qısa müddətli perspektivdə “Airbus” ABŞ istehsalı olan XQ-58A əsasında hazırlanmış U740 “Valkyrie” sistemini inkişaf etdirir. Bu platformanın 2029-cu ilə qədər Almaniya Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilərək “Eurofighter Typhoon” qırıcıları ilə birlikdə fəaliyyət göstərməsi planlaşdırılır.

“Ravenstorm” isə Almaniyanın uzunmüddətli layihəsi hesab olunur və 2030-cu illərin əvvəllərində istifadəyə veriləcək daha inkişaf etmiş imkanlar təqdim etməlidir. Bu yanaşma məntiqli görünür, çünki Almaniya bir tərəfdən qısa müddətdə PUA imkanları əldə edir, digər tərəfdən isə daha qabaqcıl sistemlərin hazırlanmasını davam etdirir.

Lakin Avropa artıq digər PUA güclərinin arxasınca çatmağa çalışır. ABŞ artıq YFQ-42 və YFQ-48 sistemlərini sınaqdan keçirir. Avstraliya MQ-28 Ghost Bat platformasına malikdir. Türkiyə yerli istehsal olan “Kızılelma” sistemini hazırlayıb. Çin isə bir neçə “sadiq qanad yoldaşı” konsepsiyası üzərində fəal işləyir, baxmayaraq ki, bu layihələr haqqında məlumat azdır.

Avropa isə illərlə problemlərlə üzləşən FCAS (Gələcəyin Döyüş Hava Sistemi) proqramına diqqət yetirib. Hazırda FCAS proqramının faktiki olaraq dalana dirəndiyi görünür. Buna görə də Avropa daha sürətli həllərə yönəlir və müstəqil PUA proqramları sürət qazanır.

“Sadiq qanad yoldaşı” PUA nədir?

“Sadiq qanad yoldaşı”, yaxud Birgə Döyüş Təyyarəsi (CCA) konsepsiyasının əsasında pilotlu qırıcılarla birlikdə uçan PUA dayanır. Bu modeldə qırıcı təyyarə əsas idarəedici rolunu oynayır və müxtəlif tapşırıqları PUA-ya həvalə edir.

Pilotlu qırıcının imkanlarını artırmaq məqsədilə CCA aşağıdakı funksiyaları yerinə yetirə bilər:

- Əlavə raketlərin daşınması,
- Pilotlu təyyarəni təhlükəyə atmadan ön xəttdə kəşfiyyat aparılması,
- Radioelektron mübarizə əməliyyatları,
- Aldatma missiyaları, məsələn, düşmənin atəşini öz üzərinə çəkmək və ya onun yerini müəyyən etmək.


Ümumi məntiq ondan ibarətdir ki, riskləri pilotlu qırıcı əvəzinə PUA öz üzərinə götürür. Çünki PUA itirilə bilər, insan pilot isə əvəzolunmazdır. Dünya ordularının “sadiq qanad yoldaşı” PUA-lara artan marağının səbəbi ondan ibarətdir ki, müasir qırıcı təyyarələr son dərəcə bahalaşdığı halda hava hücumundan müdafiə sistemləri də getdikcə daha mürəkkəb və həssas olur.

Beləliklə, qırıcı təyyarənin itirilməsi ehtimalı artır, eyni zamanda onun istehsalı və əvəz olunmasının xərci sürətlə yüksəlir. Nəhayət, insan pilot amili də mövcuddur. Pilotun həyatı hər bir halda qorunmalıdır. Pilotun itirilməsinin siyasi və mənəvi nəticələri çox ağırdır. PUA-nın itirilməsi isə bununla müqayisədə xeyli az əhəmiyyət daşıyır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ravenstorm   Airbus   PUA  


Bizi "telegram"da izləyin