FT: Hörmüz boğazında gəmiçiliyin tam bərpası həftələrlə vaxt aparacaq

2026/05/1779768577.jpg
Oxunub: 183     12:46     16 İyun 2026    
ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra Hörmüz boğazında tammiqyaslı gəmiçiliyin bərpası bir neçə həftədən bir aya qədər davam edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetinə dünyanın ən böyük tanker operatorlarından biri olan “Mitsui O.S.K. Lines” şirkətinin rəhbəri Cetaro Tamura məlumat verib.

Onun sözlərinə görə, gəmiçilik şirkətləri adi fəaliyyət rejiminə qayıtmağa tələsmir və əldə olunmuş razılaşmaların boğazdan təhlükəsiz keçidi həqiqətən təmin etdiyinə dair zəmanətlər gözləyirlər.

“Bunun üçün ən azı bir neçə həftə, hətta bütöv bir ay tələb olunacağını düşünmək məntiqlidir”, - deyə qəzet Tamuranın sözlərindən sitat gətirib.

“Financial Times”ın məlumatına görə, hazırda boğaz ətrafında təhlükəsiz keçid imkanını gözləyən yüzlərlə gəmi qalmaqdadır.

Daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləmişdilər.

Razılaşmanın iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs dövründə tərəflər digər məsələlərlə yanaşı Tehranın nüvə proqramını da müzakirə edəcəklər.

Bundan əlavə, iyunun 15-də ABŞ tərəfindən İrana tətbiq edilən dəniz blokadasının başa çatdığı, eləcə də Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və qəti şəkildə dayandırıldığı elan olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Gəmi  


Bizi "telegram"da izləyin