Ukrayna Krasnodar diyarında yanacaqdoldurma məntəqələrini təchiz edən neft bazasına zərbə endirib

2026/06/1781593579.jpg
Oxunub: 202     11:08     16 İyun 2026    
İyunun 16-na keçən gecə Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatları (PUA) Krasnodar diyarının Poltavskaya qəsəbəsində yerləşən neft bazasına hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə regionun operativ qərargahı məlumat yayıb.

Məlumata görə, PUA qalıqlarının düşməsi nəticəsində ərazidə yanğın baş verib.

“Ölən və yaralanan yoxdur. Yanğının söndürülməsi işlərinə 32 nəfər və 7 texnika cəlb olunub”, - deyə operativ qərargahdan bildirilib.

Qeyd olunub ki, hücumdan sonra Poltavskaya qəsəbəsi ilə Trudobelikovski yaşayış məntəqəsi arasındakı avtomobil yolu müvəqqəti bağlanıb.

Poltavskaya neft bazası neft emalı zavodlarının, xüsusilə “Lukoil” şirkətinin müəssisələrinin məhsullarını qəbul edir və daha sonra onları Krasnodar diyarı və Adıgeyadakı yanacaqdoldurma məntəqələri şəbəkələrinə paylayır.

Poltavskaya qəsəbəsi Krasnodar şəhərindən 80 kilometr qərbdə, regional mərkəzlə Azov dənizi sahilləri arasında yerləşir. Yaşayış məntəqəsi cəbhə xəttindən təxminən 385 kilometr uzaqdadır.

Bu hadisələr fonunda Krımdan sonra iyunun əvvəlində Krasnodar diyarında da benzin qıtlığı yaranıb.

Regionun operativ qərargahı bildirib ki, 500-dən çox yanacaqdoldurma məntəqəsində yanacaq yoxdur. Bunun səbəbi həmin məntəqələrin yanacağı kiçik topdansatış partiyaları ilə alması və təchizatçılarla uzunmüddətli müqavilələrinin olmamasıdır.

Bundan başqa, “tələbatın kəskin artması səbəbindən” iri şəbəkələrə məxsus bəzi yanacaqdoldurma məntəqələrində də benzinin tükəndiyi halları qeydə alınıb.

Hazırda yanacaq qıtlığı problemi Rusiyanın 25-dən çox regionunu əhatə edir. Benzin satışına məhdudiyyətlər Moskva və Sankt-Peterburq da daxil olmaqla milyonlarla əhalisi olan şəhərlərdə də tətbiq olunub.

“Rusiyada artıq tammiqyaslı yanacaq böhranı formalaşmağa başlayır. Problem artıq mövsümi qiymət artımları və ya birja spekulyasiyaları ilə məhdudlaşmır. Böhranın əsas mənbəyi təklif çatışmazlığıdır”, - deyə “Finam” şirkətinin strateqi Yaroslav Kabakov bildirib.

Rusiya hökuməti böhranı neft şirkətlərinə subsidiya və güzəştlər təqdim etməklə aradan qaldırmağa çalışır.

Belə ki, aprel və may aylarında neft şirkətləri büdcədən 700 milyard rubl subsidiya alıblar. İyun ayında isə onlara benzinin keyfiyyətini aşağı salmağa və “Euro-5” əvəzinə “Euro-3” standartlı yanacaq satmağa icazə verilib.

Lakin bu addımlar əsas problem, yəni Ukrayna PUA-larının hücumlarını aradan qaldırmır. Təkcə may ayında Ukrayna Rusiyanın neft emalı zavodlarına 16 dəfə zərbə endirib ki, bu da müharibənin başlanmasından bəri aylıq göstəricilər üzrə rekord hesab olunur.

Nəticədə iyunun ilk həftəsində Rusiyada neft emalı həcmləri sutkada 4 milyon bareldən aşağı düşüb və son 21 ilin ən aşağı səviyyəsini qeydə alıb. Bu qiymətləndirmə Energy Intelligence analitikləri tərəfindən aparılıb.

Onların hesablamalarına görə, Ukraynanın zərbələri nəticəsində hazırda Rusiyanın neft emalı güclərinin təxminən üçdə biri, gündəlik 2,14 milyon barel həcmində istehsal imkanları fəaliyyət göstərmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krasnodar   PUA  


Bizi "telegram"da izləyin